"Bayraktar" PUA-larının istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır


Türkiyənin Müdafiə Sənayesinin  Azərbaycan Müdafiə Sənayesinə inteqrasiyası gözləniləndir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bayraktar Teknoloji Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb.
 Nazirlikdən bildirilib ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.

Xatırladaq ki, “Baykar Makina” "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də “Baykar Savunma” şirkətinin texniki direktorudur.
Bunun gözlənilən olduğunu deyən hərbi ekspert Elxan Şıxəliyev “Sherg.az”a vurğulayıb ki, biz təkcə “Bayraktar” PUA-nın  yox, Türkiyənin Müdafiə Sənayesi üzrə bütün şirkətlərinin Azərbaycanda filiallarının açılmasını gözləməliyik:
"Şuşa Bəyannaməsindən sonrakı mərhələdə bizim silahlı qüvvələrimiz Türkiyə ordusunun mini modelinə keçid edib. Xüsusən də artıq Türkiyənin strateji mütəxəssisləri bizim Müdafiə Nazirliyində təmsil olunur. Eynilə Türkiyə Müdafiə Sənayesinin də Azərbaycan Müdafiə Sənayesinə inteqrasiya olunacağı gözləniləndir. Bayraktar TB2 pilotsuz uçuş aparatlarının müəssisə olaraq Azərbaycanda fəaliyyətə başlaması çox doğrudur. Çünki bizim bazada kifayət qədər Bayraktar PUA ları var. Bunun da texniki baxımını və hissələrinin istehsalını həyata keçirməyimiz lazımdır. Öz ehtiyaclarımızı ödədikdən sonra isə ixrac etməyimiz çox normaldır. Qardaş ölkə ilə müttəfiqliyimiz çox yüksək səviyyədədir. Bu səbəblə də Türkiyənin Müdafiə Sənayesi üzrə özəl şirkətlərinin Azərbaycanda filiallarını açması təəccüb doğurmamalıdır.  Digər tərəfdən bizim də kifayət qədər mütəxəssislərimiz var və mühəndislərimizin həmin şirkətlərə cəlb oluna bilərlər. Ümumiyyətlə təkcə Bayraktar PUA-nın yox, Türkiyənin Müdafiə Sənayesi üzrə bütün şirkətlərinin Azərbaycanda filiallarının açılmasını gözləməliyik. Bu həm daxili bazara, həm də ixracata hesablanıb.  Dünya ölkələrində Bayraktarlara ciddi tələbat var. Bu tələbatı ödəmək üçün isə müttəfiqliyə ehtiyac duyulur".