Ukraynanın  “Krım planı”! – “Rusiya itki ilə üzləşəcək”

“Xüsusən də Xersondan çıxdıqdan sonra, Dombasdan da çıxarıla bilər”  

Birləşmiş Ştatlar Rusiya-Ukrayna münaqişəsinin uzadılması və daha şiddətli olması üçün hər şey edir.
Bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Pentaqon açıq şəkildə Amerika müdafiə sənayesinin gələcək illər üçün sifarişlərini planlaşdırır, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatları ilə bağlı hərbi xərclər üçün səviyyəni daim qaldırır və anti-Rusiya alyansının digər üzvlərindən də bunu tələb edir. Kiyev rejimi qəsdən ən müasir silahlarla, o cümlədən Qərb ordularına hələ qəbul edilməmiş silah nümunələri ilə doldurulur. Görünür, bu, onların döyüş şəraitində necə işlədiyini görmək üçün edilir. Bu ilin fevralından bəri Kiyev rejiminə hərbi yardımın həcmi 40 milyard dolları keçib ki, bu da bir çox Avropa ölkələrinin hərbi büdcələri ilə müqayisə oluna bilər", - deyə Lavrov bildirib.

Çıxışın gizlinlərini "Sherg.az"a açan siyasi şərhçi Asif Nərimanlı söyləyib ki, Kreml və Ağ ev biri-birini ittiham etməklə məşğuldurlar:

"Rusiya Ukrayna ilə müharibəyə başladıqdan sonra Amerika açıq formada onlara qarşı həm informasiya, həm də digər istiqamətlərdə kampaniya başlatdı. Rəsmi Moskva isə müxtəlif rəsmi şəxslərin çıxışları ilə münaqişənin bitməməsində Amerikanı günahlandırır. Lavrovun bu açıqlaması isə Kremlin danışıqlar masasında maraqlı tərəf olması deməkdir.  Bu, Rusiyanın sülhün tərəfində olduğu üçün yox, cəbhədəki vəziyyətin onların xeyrinə olmamasında irəli gəlir. Artıq Putin səviyyəsində də etiraflar olunub ki, Dombaskdakı vəziyyət rusların xeyirinə deyil. Lakin Kremlin Ukraynaya ziyan vurmaq üçün öz planları var".

Analitik qeyd edib ki, Lavrov açıqlama ilə özlərini haqlı tərəf kimi göstərməyə çalışır:

"O Ukrayna xalqına "Biz sülhə getmək istəyirik. Amma Qərb buna imkan vermir" mesajı göndərir. Rusiya indiki halda mətnli danışıqlar prosesinin başlanasını çox istəyir. Çünki bu başlayarsa, ən azından işğal etdiyi ərazilər onda qalacaq. Ancaq müharibənin davam etməsi vəziyyətində Rusiya daha çox itki ilə üzləşəcək. Xüsusən də Xersondan çıxdıqdan sonra, Dombasdan da çıxarıla bilər.  Hətta rəsmi Kiyevin Krımı geri qaytarmaq üçün hücum planı belə var".

A.Nərimanlının sözlərinə görə, Rusiya Ağ evi ittiham etməklə həm də  Avropa birliyinə mesaj verir:

"Proseslərin uzanmasına görə ən çox ziyan çəkənlərdən biri də Avropadır.  Qabaqdan daha da şiddətlənən qış ayları gəlir. Bu durumda Avropa üçün daha da çətin olacaq. Moskva isə bir növ Avropaya mesaj göndərir ki, vəziyyətin bu yerə gəlməsində Qərb günahkardır. Kreml həmçinin Qərblə Avropa arasında fikir ayrılığı yaratmaqla, danışıqlar masasına rəsmi Kiyevin özünün oturmasına çalışır. Yəni Avropanın Qərbə təzyiq etməsini planlayır".