“Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası olduqca önəmli bir prosesdir. Bu proses çox çətindir, lakin biz tərəfdarıyıq ki, danışıqlar getməlidir, bütün hüquqi əsası olan sənədlər araşdırılmalıdır.
Proses irəli aparılmalıdır”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ermənistan bəhanələrdən istifadə etməməlidir.
“Delimitasiya məsələsində şübhə doğurmayan məqamlar var. Azərbaycanın səkkiz kəndi yaşayış məntəqələri olub. Yəni bu kəndlər qeyri-müəyyən və mübahisəli yüksəkliklərdən fərqlidir”.
Ceyhun Bayramov qeyd edib ki, səkkiz kəndin delimitasiya çərçivəsində Azərbaycana qaytarılması təmin edilməlidir.
“Eyni zamanda delimitasiya prosesi başa çatmayana qədər Ermənistana çağırışımız bundan ibarətdir ki, sərhəddə hər hansı təxribatyönümlü addımlardan çəkinsinlər”, - deyə Ceyhun Bayramov əlavə edib.
Qeyd edək ki, Qazaxın yeddi kəndi (Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Yuxarı Əskipara, Bərxudarlı, Sofulu, Qızılhacılı) və Naxçıvan ərazisindəki Kərki kəndi hələ də işğaldadır.
İşğalda olan 8 kəndin geri qaytarılmasında nikbin olduğunu deyən siyasi şərhçi Azər Rəşidoğlu “Sherg.az”a bildirib ki, 10 Noyabr razılaşmasından sonra Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması mümkün olmur:
“Əslində həmin bəyannamədə Qazağın yeddi və Naxçıvanın bir kəndinin azad olunması da göstərilmişdi. Ermənistan isə faktiki olaraq bundan boyun qaçırmaq istəyir. Ancaq inanmıram ki, Paşinyan Putinin imzaladığı sənəddən qədər boyun qaçırsın. Sadəcə olaraq diplomatik mübarizə dövrü başlayıb.
Bu istiqamətdə danışıqların isə 2023-cü ildə davam edəcəyini düşünürəm. Məncə, bu məsələ Zəngəzur dəhlizinin açılması ilə paralel həyata keçiriləcək. Çünki həmin dəhlizin açılmasında Kreml maraqlıdır. Rəsmi İrəvan isə açılacaq dəhlizə özü nəzarət etməyi arzulayır.
Ona görə ki, onlar Laçın dəhlizinə nəzarəti itiriblər və heç olmasa ruslarla birgə Zəngəzur dəhlizinə nəzarət həyata keçirmək istəyirlər. Gələn il sözügedən dəhlizin açılmasında real addımlar atılma ehtimalı var.
Bunun məntiqi nəticəsi olaraq isə, adları çəkilən 8 kənd Azərbaycanın tabeçiliyinə qayıda bilər".