Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası qarşı tərəfə təqdim olunub.
Bu barədə Azərbaycan XİN-dən bildirilib.
görüş zamanı Fransa hökumətinin zəruri cavab reaksiyasının olmaması fonunda Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub. Məktubda əks olunmuş iddialar qətiyyətlə rədd edilib.
Bu çərçivədə bir neçə gün əvvəl Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından Fransa prezidentinə ünvanlanmış məktubda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində addımlar atılmasına çağırış edilməsinin qəbuledilməz olduğu bildirilib.
Fransanın erməni problemini bəhanə edərək nəinki Azərbaycanın, hətta kürd məsələsi üzərindən Türkiyənin də daxili işinə qarışdığını deyən siyasi şərhçi Fuad Abbasov “Sherg.az”a bildirib ki, rəsmi Paris bunu etməklə digər ölkələrin qarşısında xarici siyasətini problemli vəziyyətə gətirir:
“Fransanın başlıca məqsədi nə Türkiyədəki kürdlərin, nə də Azərbaycandakı ermənilərin problemidir.
Onlar üçün əsas ölkəsində yaşayan erməni və kürd əsilli vətəndaşlarının səsinə ehtiyac duymasıdır.
Çünki Fransadakı erməni diasporu çox gücləndirilib və onların güclü lobbiləri var. Ümumiyyətlə, Fransua Moriakdan, Jak Şirakdan tutmuş, bu gün Makrona qədər bütün Fransa liderləri başqa dövlətlərin işinə qarışmaqla məşğul olub.
Əvvəlki təcrübələr rəsmi Ankaranın Parisin çağırışlarına əhəmiyyət vermədiyini göstərir. Eləcə də Azərbaycan onlara reaksiya verməməlidir.
Çünki məsələlər bizim daxili problemimizdir. Bir dəfə Fransanın da iştirakı ilə Minsk qrupu deyilən bir beynəlxalq təşkilata Qarabağ probleminin həllini həvalə etdik.
Ancaq nəticədə 30 il ərzində heç bir nəticə əldə olunmadı. Bu təcrübədən yola çıxaraq rəsmi Parisin bizim daxili işimizə qarışması yolverilməzdir. Məncə, nota gecikib və çoxdan verilməli idi. Fransanın ölkəmizə qarşı etdiyi hər təxribata bir nota verilməlidir".