Zəngəzur dəhlizi ən qısa zamanda açılacaq

Dəhliz yeni iqtisadi manevr imkanları üçün Avrasiyada bir növ nəfəslik rolunu oynayacaq


  Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına növbəti müsahibə verib. Jurnalistlərin suallarını cavablandıran  dövlət başçısı müsahibədə  bir sıra vacib məqamlara toxunub. 
İ.Əliyev deyib ki, Ermənistanla sərhədlərin müəyyən edilməsi, reinteqrasiya prosesləri, qanunsuz silahlı birləşmələrin ərazidən çıxarılması və Zəngəzur dəhlizinin açılması kimi mühüm məsələlərdə israrlı tələblərimiz daha da sərt şəkildə davam etdiriləcək:  

"Zəngəzur dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur".

  Bu layihənin 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da əksini tapdığını qeyd edən dövlət başçısı deyib: “Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir”.

  Prezident İlham Əliyev deyib ki, indi Ermənistan bundan boyun qaçırmaq istəyir, faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir.

“Ancaq bu, bizi dayandırmayacaq. Yəni bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

  Zəngəzur dəhlizinin region və ümumilikdə dünya üçün önəminə diqqət çəkən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Şərq”ə açıqlamasında deyib ki, bu  dəhliz təkcə siyasi deyil, həm də iqtisadi dividendlər bəxş edir. Dəhlizin qlobal əhəmiyyəti hər keçən gün daha çox bəlli olur: 

“Cənab prezident  müsahibəsində Zəngəzur dəhlizinin təkcə lokal deyil, eyni zamanda regional və qlobal əhəmiyyətinə toxunub.  Həqiqətən də bu dəhliz həm türk dünyası üçün strateji əhəmiyyətli layihədir, həm də böyük yeni regional layihələr üçün müstəsna əhəmiyyətlidir. Məhz bu səbəbdən də  dəhliz ətrafında gedən müzakirələr qlobal tədqiqat institutları və beyin mərkəzləri tərəfindən  maraqla izlənir. 

Zəngəzur dəhlizi postpandemiya dövrünün ən vacib kommunikasiya xətti olacaq. Yeni iqtisadi manevr imkanları üçün Avrasiyada bir növ nəfəslik rolunu oynayacaq. 

Pandemiyadan sonra dünya iqtisadiyyatının üzləşdiyi qlobal kataklizmlərin qarşısının alınmasında Zəngəzur dəhlizi kimi qlobal kommunikasiyanın formalaşması müstəsna əhəmiyyətə malik olacaq. 

Bu baxımdan dəhliz layihəsinin reallaşması təkcə Azərbaycan üçün deyil, Ermənistan da daxil bütün region ölkələri, hətta  Çin üçün xüsusi əhəmiyyətə malikdir.  Tranzit yükdaşımalarında da daha rentabellidir. Yüklərin daha tez zamanda çatdırılmasına təkan vermiş olacaq. 

Avrasiya məkanında müzakirə edilən Orta dəhliz siyasi-iqtisadi layihəsinin, o cümlədən gələcəkdə formalaşacaq yeni iqtisadi layihələr və yeni nəqliyyat infrastrukturu üçün bu dəhliz xüsusi önəm daşıyır.

Bu  dəhliz Azərbaycanın dünya iqtisadi siyasi sistemində mövqelərini daha da gücləndirəcək. Dəhlizin açılmasına qısqanclıqla yanaşan qüvvələrin  olmasına rəğmən cənab prezidentin də dediyi kimi ən qısa zamanda Zəngəzur dəhlizi açılacaq”.