Hacıbəy Heydərli:“Bəzi "Tik-Tok" istifadəçiləri Azərbaycanda zəlzələnin olacağı haqda yalan informasiyalar yayır, "dəqiq tarix" verirlər. Hamısı cinayət əməlidir”
“Ölkədə sosial şəbəkə vasitəsilə əhalini təşvişə salmağa görə müvafiq qanun var. Hüquq-mühafizə orqanları aktiv fəaliyyət göstərməlidilər”
Türkiyədə zəlzələ baş verdikdən sonra sosial şəbəkələrdə Azərbaycanda da eyni hadisənin təkrarlanacağına dair "proqnozlar" verilir.
"Tik-Tok"da ölkəmizdə zəlzələ olacağı barədə dedi-qodular gəzir. Əlbəttə, bu həqiqəti əks etdirmir. Türkiyədəki hadisələri görüb sarsılan azərbaycanlılar bəzi "Tik-Toker"lərin postları sayəsində daha da vahiməyə düşür. Özünü "Tik-Toker" adlandıran, şayiə yayan platforma istifadəçiləri türklər demiş, "yangına körükle gidiyorlar". Odun üzərinə benzin tökürlər.
Sosial şəbəkələrdən qədərincə və xoş məramla yararlandıqda sonsuz hüdudlar açır, əks halda hədsiz bəlalar gətirir.
Sosial şəbəkədə gəzən xəbərləri bir media olaraq biz, o cümlədən rəsmi qurumlar nəinki qulaqardına vurmaq, hətta dərhal reaksiya verməliyik.
Məsələ ilə bağlı "Sherg.az"a danışan "Azxeber.com"un baş redaktoru, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyir ki, Azərbaycanın "Tik-Tok" seqmentində özbaşına mühit formalaşıb:
"Hər şeyin ədəb-ərkanı olmalıdır. Elə şəxslərə "Tik-Toker" deməyin də əleyhinəyəm. İnsan özünə "Tik-Toker" deyirsə, bir fəaliyyətlə məşğul olmalıdır. Hansı paylaşımlara daha çox reaksiya gəlirsə, həmin istiqamətdə dezinformasiya, feyk nyuslar, insanları təşvişə sala biləcək məlumatlar paylaşırlar. Türkiyədə baş verən zəlzələ gündəmimizdədir. Bəzi "Tik-Tok" istifadəçiləri Azərbaycanda zəlzələnin olacağı haqda yalan informasiyalar yayır, "dəqiq tarix" verirlər. Hamısı cinayət əməlidir. Ölkədə sosial şəbəkə vasitəsilə əhalini təşvişə salmağa görə müvafiq qanun var. Hüquq-mühafizə orqanları aktiv fəaliyyət göstərməlidilər. Məlumatı hərə bir cür qavrayır. Kimisi inanmaz, kimisi də qorxuya düşər. Jurnalistlərin üzərinə düşən iş də cəmiyyəti maarifləndirməkdir".
H.Heydərlinin dediklərinə əsasən, "Tik-Tok"un alqoritmi elədir ki, saxta məlumat daha çox insana çatır:
"İnsanlar şərhlərdə etiraz edir. Bəyənmə və şərh sayı yüksək postları "n" sayda adam görür.
Bu şüurlu şəkildə aparılan kampaniyadır, arxasında xarici güclər dayanır. Elə videoları yayan adamların əksəriyyəti xaricdə yaşayır. Cəmiyyətdə xaos, çaşqınlıq yaratmaq istəyirlər.
Şayiələri yayanlar ölkəmizə qarşı düşmən münasibət bəsləyənlərdir. Onlar əməlləri ilə ölkənin informasiya təhlükəsizliyinə təhdid rolunu oynayırlar. Hüquq-mühafizə orqanları həmin profil sahiblərinin kimliyini araşdırmalıdır. İctimaiyyətə də məlumat verilməlidir".