"Tikintilərlə əlaqəli ərazinin təhlükə riskləri diqqətə alınaraq konsepsiya hazırlanmalıdır"
Türkiyədə baş verən zəlzələ ölkəmizin də gündəm mövzusudur. İndiyə qədər olan məlumata görə, həlak olanların sayı 17 mini ötüb, 70 mindən çox insan yaralanıb. Qeyri-rəsmi məlumata əsasən, dağıntılar altında 190 mindən çox insan qalıb.
Zəlzələdən sonra tikinti şirkətləri əsas tənqid hədəfinə çevrilib. Deputat Fazil Mustafa da təklif edir ki, Azərbaycanda da yeni tikilən binaların möhkəmliyi, zəlzələyə davamlı olub-olmaması yoxlanılmalıdır:
"Paytaxtda yerləşən köhnə tikililərin çoxunda müəyyən problemlər mövcuddur. Çatlar, zirzəmilərdə qrunt suları və.s. Yeni tikilən çoxmərtəbəli yaşayış binalarında isə daha ciddi problemlər var. Onların inşası zamanı tikinti normalarına tam əməl edilməyib. Bu binalar tikilən zaman ikinci, üçüncü əl tikinti materiallarından, armaturlardan istifadə olunub".
Sözügedən məsələ ilə bağlı "Sherg.az"a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirir ki, ikinci, üçüncü əl tikinti materiallarından istifadə edilmə halları var. Lakin bunu tikintilərə şamil etmək doğru deyil:
" Tikintini aparan müəssisə tərəfindən insanların aldadılması, keyfiyyətsiz materiallardan istifadə, binaların yaxın yerləşməsi, işçilərin həyatını təhlükəyə atmaq və s. kimi hallar yaşanır. Amma normal standartlara cavab verən, geoloji işlər aparan, geoseysmik göstəricilər nəzərə alınaraq tikilən binalar da mövcuddur.
Camaat tikinti şirkətlərinin fırıldaqçılıqlarını görüb, ona görə də narahatlıq duyur. İnsanlarda elə təsəvvür yaranıb ki, binaların hamısı keyfiyyətsizdir. Sistemdə insan amili minimallaşdırılmalıdır. Tutalım, sahibkar yeri alır, layihəni götürür, ərazidə bina tikir. Sahibkar istəsə də, standartlardan kənara çıxa bilmir. Tikintilərlə əlaqəli ərazinin təhlükə riskləri diqqətə alınaraq konsepsiya hazırlanmalıdır. Belə durumda heç kim tikinti normalarından kənara çıxmağa cəhd göstərməyəcək.
Tikinti prosesində qumun, sementin, daşın və s. məhsulların alışı üçün rəsmi sertifikasiya tələb olunmalıdır. Sertifikatsız tikinti vasitələrinin keyfiyyəti sual altındadır".