“Ermənistan vəziyyəti gərginləşdirmək və regiona yeni oyunçuları cəlb edərək məsələni qloballaşdırmaq fikrindən əl çəkmir”
“Missiyanın fəaliyyəti barədə Rusiya üçün ikinci cəbhə yarana bilər. Artıq belə bir meyl var”
“Ermənistanda hər hansı missiya yaxud havadarları rəsmi Bakının maraqlarına təhlükə yaradan addımlar atarsa, Azərbaycan bunun qarşısını almağa hazırdır, qadirdir"
Məlum olduğu kimi, Ermənistan, Azərbaycan, Avropa İttifaqı (Aİ) və Fransa liderləri arasında bu ilin oktyabrında Praqada razılaşma əldə olunub.
Razılaşmaya əsasən, vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədi ilə oktyabrın 20-də Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca Aİ-nin Monitorinq Missiyası (EUMCAP) yerləşdirilib. Missiya 2 aylıq nəzərdə tutulmuşdu və müddət dekabrın 19-da tamamlandı.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində də ifadə etdiyi kimi, "Növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq".
Azərbaycan Prezidentinin proqnozları özünü doğrultdu. Uzun müddət gözləməyə gərək qalmadı.
Fevralın 20-də Avropa İttifaqının növbəti missiyasının Ermənistanda fəaliyyətə başladı. Cəmi bir gün sonra erməni qüvvələri tərəfindən Ermənistan ərazisindən Ordumuzun Tovuz və Sədərək rayonlarındakı mövqeləri, rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən isə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Kəlbəcər, Şuşa və Xocavənd istiqamətlərindəki mövqelərimiz atəşə tutulub.
Siyasi ekspertlər hesab edir ki, Fransa Cənubi Qafqaz regionunda mövcudluğunu saxlamaq üçün “Aİ missiyası” kartından istifadəyə əl atıb. Missiyanın göndərilməsi isə Aİ-nin atdığı səhv addımdır.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistana göndərilən missiyanın məramını "Sherg.az"a şərh edib.
O bildirib ki, ermənilər guya, sülh müqaviləsini bağlamaqda maraqlıdılar. Amma "Sözdə bir, əməldə başqa" prinsipi ilə yanaşırlar:
"Həmişə olduğu kimi erməni hərbi-siyasi rəhbərliyi Azərbaycanı işğalçı, atəşkəsi pozan tərəf kimi qələmə verməyə çalışırlar. Birinci dəfə Avropa missiyası gələndə atəşkəsin tez-tez pozulduğunu müşahidə edirdik. Növbəti missiya gələnədək sakitlik dövrü oldu. İndi isə yenidən mövqelərimizi atəşə tuturlar. Avropanın missiyası nə Ermənistan sərhədinə nəzarət edən Rusiya ilə, nə də Azərbaycanla razılaşdırılıb. Fransa Avropa adı altında öz maraqlarına uyğun addım atır. Fransanın maraqları Cənubi Qafqazdakı dövlətlərin, hətta erməni xalqının maraqları ilə üst-üstə düşmür. Fransa münaqişə ocağının yaradılmasında maraqlı tərəfdir. Missiyanın məqsədi Rusiyanın Cənubi Qafqazda, Ermənistanda təsirini məhdudlaşdırmaqdır.
Birinci missiyanın sonunda da Ermənistanda Rusiya bazasına qarşı müəyyən aksiyalar keçirildi. İndi də Ermənistanın daxilində eyni hal istisna deyil".
Ş.Ramaldanovun qənaətincə, Ermənistan vəziyyəti gərginləşdirmək və regiona yeni oyunçuları cəlb edərək məsələni qloballaşdırmaq fikrindən əl çəkmir:
"Sərhədlərə Rusiya sülhməramlıları cavabdehdirsə, Avropa missiyası həmin əraziyə müvafiq strukturun icazəsi ilə çıxa bilər. Beynəlxalq normalar çərçivəsində icazəsiz hansısa avadanlıq istifadə etmək qanuna ziddir. Onların Türkiyənin də təsirini azaltmaq üçün səy göstərməsi istisna olunmur.
Missiyanın tərkibində jandarm qüvvələri, kəşfiyyatçılar var. Birinci şəxs kəşfiyyatçı professionaldır, müavini də 6 ay kəşfiyyat kursları keçən şəxsdir. Hər halda mülki şəxs deyillər.
Avropa missiyasının gəlməsinə görə Rusiya hökumət dairələrindən Ermənistana gələcək təhlükə ilə bağlı xəbərdarlıq edilib. Bu, əsassız deyil. Rusiya bunun Ermənistanda qarşıdurma ilə nəticələnəcəyi barədə məlumat verir.
Missiyanın fəaliyyəti barədə Rusiya üçün ikinci cəbhə yarana bilər. Artıq belə bir meyl var. Erməni xalqının maraqların qurbanına çevrilməsi mümkündür. Azərbaycan münaqişə istəmir, əsas prioriteti mehriban qonşuluq siyasəti yürütməkdir. Rəsmi Bakı üçtərəfli bəyannamənin bəndlərinin yerinə yetirilməsi, Ermənistanla sülh müqaviləsinin imzlanmasında maraqlıdır.
Dövlət başçısı İlham Əliyev dəfələrlə xəbərdarlıq ünvanlayıb. Ermənistanda hər hansı missiya yaxud havadarları rəsmi Bakının maraqlarına təhlükə yaradan addımlar atarsa, Azərbaycan bunun qarşısını almağa hazırdır, qadirdir".