“Qarabağ ermənilərini ruslar cəsarətləndirir”
“Dünən iki hərbçimizin şəhid olması və həmin ərazidə atəşkəsin pozulmasında Rusiya sülhməramlı kontingentinin “əli” var”
“Onlar atəşkəsin pozulması hallarını ssenariləşdirə bilmək üçün, 2025- ci ildə bitəcək vaxtın uzadılmasına çalışırlar”
Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Təxribatın planlı şəkildə törədildiyini deyən hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a bildirib ki, buradakı əsas məqsəd siyasi dialoqların dalana dirənməsini modelləşdirməkdir:
"Konflikt şəraitdə atəşkəsin pozulması ilə “Ermənilər sülh üçün münbit şərait yaranmayıb” deməyə çalışır. Yəni onlar vaxt qazanmaq istəyirlər. İndi Aİ-nin missiyası Ermənistandadır və onlar Rusiyanın bölgədən çıxarılmasını tələb edirlər. Bu vəziyyətdə də bölgədəki müvəqqəti nəzarət funksiyasını yerinə yetirən heyətlər gələcəkdə Qarabağ ərazisinə keçəcəklər. Yəni beynəlxalq gücləri Qarabağ məsələsinə cəlb etməklə, bölgəyə "statusun" verilməsinə səy göstərirlər. Həmçinin onlar hiyləgər əməlləri ilə atəşkəsin pozulmasını siyasi mübarizəyə çevirmək istəyir. Onlar bu hadisəni Azərbaycan tərəfinin boynuna ataraq, Aİ-dən rəsmi Bakıya qarşı sanksiya tətbiq etməyi tələb edəcəklər. Bu rəsmi İrəvanın mövqeyidir".
Ekspertin sözlərinə görə Qarabağ ermənilərini isə rus sülhməramlıları cəsarətləndirir:
"Dünən iki hərbçimizin şəhid olması və həmin ərazidə atəşkəsin pozulmasında Rusiya sülhməramlı kontingentinin “əli” var. Onlar atəşkəsin pozulması hallarını ssenariləşdirə bilmək üçün, 2025- ci ildə bitəcək vaxtın uzadılmasına çalışırlar. Ümumiyyətlə, danışıqların və inteqrasiyanın başlamaması Kremlə sərf edir. Rəsmi Moskva düşünür ki, regionda sülh olmasa, hər iki tərəfin ona daha çox ehtiyacı olacaq. Bunun üçün isə rus sülhməramlıları bölgədəki erməni qanunsuz birləşmələrini və separatçıları cəsarətləndirir. Nəticədə də atəşkəs pozulur. Yəni onlar Azərbaycanın qırmızı xətlərini test edirlər".
E.Şıxaliyev qeyd edib ki, bunlar anti-terror əməliyyatlarını labüd edir:
"Hələ 2020- ci ilin noyabrında bizim XTQ Laçın koridorunu mühasirəyə alanda ermənilərin 10 minə yaxın qanunsuz qruplaşmış silahlısı ya əsir götürüləcəkdi, ya da məhv ediləcəkdi. O zaman biz humanist davrandıq və rusların "Onları çıxardacağıq" sözlərinə inandıq. Lakin bu qüvvələr tərk-silah edilərək ərazidən çıxarılmaq yerinə daha da möhkəmləndirildi. İndi isə onlar silahlanaraq bizim hərbçilərimizi şəhid edirlər.
Bu səbəblə də antiterror və lokal-nöqtə əməliyyatları keçirmək üçün ən uyğun zaman yaranıb. Biz Qarabağda olan separatçı rejimi bir daha başa salmalıyıq ki, Azərbaycan əsgərinə silah qaldırmağın cəzası ağırdır. Nə qədər ki, onlar "Burada rus sülhməramlıları var, biz istədiyimiz kimi davranarıq" prinsipinə əslanaraq yaşayacaqlar, problemlərin həll edilməsi çətin olacaq.
Ona görə də, biz Rusiya sülhməramlı kontingentinin mövcudiyyətinə baxmadan konkret zərbə əməliyyatları ilə qarşı tərəfə "Ya silahı yerə qoyacaqlar, ya çəkilib gedəcəklər, ya da məhv ediləcəklər" mesajı verməliyik. Çünki Azərbaycan üçün başqa variant saxlamayıblar".