“Azərbaycan Brüssel sülh gündəliyinə sadiqdir”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirib.
Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşü məmnunluqla xatırladıb və ölkəmizin Brüssel sülh gündəliyinə sadiq olduğunu vurğulayıb.
Azərbaycanın sülh prosesində heç bir kompromisə getməyəcəyini deyən politoloq Tofiq Abbasov "Sherg.az"a bildirib ki, hansı format sülhə gedən yolun mahiyyətini göstərəcəksə, rəsmi Bakı ona da sadiq qalacaq:
"Ermənistan tərəfi təsadüfi məqamlardan imtiyazlı vəziyyət qazanmağa çalışaraq, özünü zərərçəkmiş tərəf kimi göstərməyə çalışır. Amma bu, belə deyil. Əslində rəsmi İrəvanı hazırda qayğılandıran onun məğlub dövlət kimi tanınmasıdır. Bundan isə çıxış yolu tapmaq mümkün deyil.
Çünki Ermənistan həqiqətən də məğlub edilib. Yəni Azərbaycan dünya qanunvericiliyinə söykənən həqiqətlərinin qüvvəyə minməsini öz gücü hesabına təmin edib. Ona görə də Ermənistan bu proseslərdə yararsızlıq kompleksi yaşayır. Bu isə onun problemidir və bizə aidiyyəti yoxdur. Rəsmi İrəvan səhvlərini etiraf etməli və sülh yolundu özünü reabilitasiyaya çalışmalıdır.
Ümumiyyətlə, Toivo Klaar kimi ABŞ-ın nümayəndələri başa düşməlidir ki, Azərbaycan oyun qaydalarını pozmur. Əksinə rəsmi Bakı bu qaydalara riayət edir və Ermənistanı da buna qoşulmağa çağırır.
Odur ki, rəsmi İrəvan bu proseslərdə zəifdirsə, özü bilər, biz yolumuzdan dönməyəcəyik. Bizim üçün bölgədə dayanıqlı sülh lazımdır və bu istiqamətdə çalışacayıq".