“Azərbaycan torpaqlarında məskunlaşan qanunsuz silahlı birləşmələrə qarşı antiterror əməliyyatları başlana bilər"
"Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti yürüdüb, onları Qarabağdan və digər yerlərdən qovub, onlara əzab-əziyyət verib.
Məsələni "Sherg.az"a dəyərləndirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Azərbaycan tərəfi Ermənistanla arasındakı münaqişəni 30 ildən çoxdur, dinc yolla həll etməyə çalışıb:
"Amma onlar uzun illərdir, müharibə ritorikasında "qisas alma, torpaqları ələ keçirmə və yeni müharibələr" devizi ilə çıxış edirlər. Bunun nəticəsinin nə olacağını isə biz ermənilərə dəfələrlə göstərmişik. Digər tərəfdən ölkə rəhbərinin bu çıxışı bir xəbərdarlıq kimi də qəbul edilə bilər. Ancaq bunda o yana xəbərdarlıq ediləcək bir şey qalmayıb. Məncə, bu açıqlama ilə İrəvana söz ötürülür ki, əlimizdən gələni etdik, siz nə edə bilərsiz? Əgər Ermənistan tərəfindən bu suala cavab verilməsə, Azərbaycan torpaqlarında məskunlaşan qanunsuz silahlı birləşmələrə qarşı antiterror əməliyyatları başlana bilər".