"Bakı 2010-cu ildən başlayaraq mövcud risklərin dəyərləndirilməsi, qaynar ocaqlardakı separatizm, dünyanı hədələyən bioloji terrorçuluq və.s kimi mövzularda platforma rolu oynayıb".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Yeganə Hacıyeva bu gün baş tutan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu barəsində danışarkən deyib.
O bildirib ki, Azərbaycanda keçirilən siyasi, humanitar və mədəni tədbirlər həm maraqlı, həm də faydalı olur:
"Bakıda keçirilən müzakirələrin perspektivləri hər zaman dünyaya və regiona fayda gətirib. Digər tərəfdən Azərbaycan həm də son illərdə aktiv şəkildə postsovet ölkələrindəki konfliktlərin həlli istiqamətində ciddi söz sahibinə çevrilib. Bugünkü Foruma gəldikdə, Bakı Forumu regionun riskləri və bu risklərin qlobal təhlükəsizlikdə rol aldığı bəndlər haqqında geniş məlumantlandırma mahiyyəti daşıyır.
Həmçinin ölkə rəhbərinin öz çıxışında Azərbaycan-Ermənistan münasibətlərinə ayırdığı geniş mövqe təkcə bizim milli maraqlarımızın elanı deyil, həm də bu konfliktin Cənubi Qafqaz kimi böyük bir regionun imkanlarını necə limitləməsi barədə malumatlandırmadır. Ümumiyyətlə, Forumun gündəliyi və çıxış edənlərin kimliyi bizə imkan verir ki, baş tutan tədbir dünyanın mövcud problemlərinin həlli istiqamətində ölkəmizin yanaşmasından kənarda və Azərbaycanın problemlərinin elan olunması ilə keçir".
Xanım analitikin sözlərinə görə, biz Forumu pandemiyadan sonra formalaşan dünyada Azərbaycanın yeri və rolu haqqında aydın təsəvvürlərin əldə olunması və bu gün üçün Ermənistanı alət olaraq istifadə edən dairələrin yaratdığı anti-Azərbaycan informasiya təbliğatının susdurulması istiqamətində bir imkan kimi dəyərləndirməliyik:
"Bu Forumda biz ölkəmizin milli maraqlarının elan edilməsi ilə dünyanın möcvud problemlərinin həllində icracı qismində iştirak edəcəyimizin siqnallarını ötürürük. Digər tərəfdən Forumda iştirak edən Asiya, Avropa və.s kimi regionları araşdıran beyin mərkəzlərinin nümayəndələrinin region haqqında məlumatlar verməsi, Azərbaycan tərəfi üçün önəmlidir. Biz həmin şəxslərə dünyada baş verənlərdən məlumatlı olduğumuzu və yeri gəldikdə problemlərin həllində təşəbbüskar rol oynaya biləcəyimizn mesajını veririk. Yəni Forumun əsas məqsədi Azərbaycanın mövqelərinin möhkəmlənməsidir. Dünya isə bu Forumla mövcud problemlərini işıqlandırmaq imkanı qazanır. Həmçinin qütbləşmiş ölkələr sırasında olmayan dövlətlər öz səslərini duyurmaq üçün bu platformadan istifadə edir. Məsələn, Forumda Afrikanın problemləri müzakirə edildi. Daha sonra isə bu problemin Qoşulmama Hərəkatı formatında həll yolları axtarılacaq. Yəni nəticədə həmişə proseslərə Təhlükəsizlik Şurasının beş daimi üzvünün pəncərəsindən baxan dünya, problemlərin həllində başqa instansiyaların olması faktı qarşısında qalır. Bu Forum indiki zaman üçün BMT-nin işlək mexanizmlərinin olmaması üzərindən dünyaya Təhlükəsizlik Şurasının beş daimi üzvünün pəncərəsindən baxanların səslərinin duyulduğu yerdir".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir. Əvvəlcə xatirə fotosu çəkdirilib. X Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin sözü dövlətimizin başçısına verib. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib.
Sonra Latviya Respublikasının Prezidenti Egils Levits, Timor-Leste Demokratik Respublikasının Prezidenti Xose Ramos Horta, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima çıxış ediblər.
Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun videomüraciəti dinlənildi, həmçinin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın məktubları oxunub.
Sonda Latviyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike–Freyberqa çıxış edib.