XİN Azərbaycan vətəndaşı Fərid Səfərlinin vəziyyətinə aydınlıq gətirilməsi məqsədilə, İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin yerli media nümayəndələrinin sorğusuna cavabında bildirib.
Diplomat qeyd edib ki, “Azərbaycan Respublikasının vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin 20 fevral tarixində İran İslam Respublikasına səfərə getdiyi, lakin 4 mart tarixindən etibarən ondan xəbər alınması mümkün olmadığı barədə məlumat yayılıb. Məsələ ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə 9 mart 2023-cü il tarixində daxil olub.
Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir.
Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
İranda Azərbaycan vətəndaşının yoxa çıxmasının ağılda bir sıra şübhələr yaratdığını deyən siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a bildirib ki, qeyd edəcəyi məqamlar şübhələr əsasındakı versiyalardır:
“Versiyaların nə qədər dəqiq olub-olmadığı aparılan araşdırmaların nəticələri elan olunandan sonra aydınlaşacaq. Hər halda, “İran və xarici vətəndaşlar” mövzusunu canlandırarkən diqqətimizi çəkəcək bir məqam var. İran son zamanlar ölkəyə girən, çıxan hər kəsdən şübhələnir, onların xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq iddialarını əlində bayraq tutaraq həbsə atır.
Son bir neçə ayda cənub qonşumuz bu vərdişini xeyli təkmilləşdirib və az qala hamıya hansısa bir yerlə bağlantı qurmaq şübhələri ilə baxır. Azərbaycan Xarici İşlər Nazirliyi bu ehtimalları nəzərə alıb, Tehrandakı səfirliyimizə hücum olandan sonra soydaşlarımızı İrana səfər etməməyə çağırmışdı.
Bu açıqlama kəşfiyyat məlumatlarının ümumiləşmiş təqdimatı idi, yəni “İran Azərbaycan vətəndaşlarına qarşı təxribatlara imza ata bilər” mesajını özündə daşıyırdı. Fərid Səfərlinin bu mənada İranda yoxa çıxması ilə bağlı deyilənlər məntiqli və həqiqət kimi görünür. Yəni Azərbaycan bunu bir iddia kimi yox, həqiqət kimi səsləndirir.
Görünür ki, İran Fərid Səfərli vasitəsilə Azərbaycandan qisas almaq istəyir, düşdüyü boşluqlardan çıxmağa çalışır. Ancaq İran özünə qarşı beynəlxalq koalisiyanın işə salacağı ssenariləri nəzərə almalıdır”.