2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın müddəaları Ermənistan tərəfindən kobudcasına pozulur. Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən tam çıxarmayıb, üstəlik, qanunsuz erməni silahlı dəstələri burada hərbi istehkamlar yaradırlar.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, məhz Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə 2022-ci ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması baş tutmayıb.
“2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın müddəaları Ermənistan tərəfindən kobudcasına pozulur. Ermənistan ordusunun qalıqları hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarılmayıb. Bizdə olan məlumatlara əsasən, Qarabağ bölgəsində təxminən 10 minlik şəxsi heyət qalmaqdadır. Qanunsuz erməni silahlı dəstələri yeni postlar və mühəndis-istehkam qurğuları yaradır, ərazilərimizi 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalarla çirkləndirir, Azərbaycan ordusunun mövqelərini atəşə tutur. Faktiki olaraq yeni “təmas xətti” qurmağa çalışırlar”.
Məsələni şərh edən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov “Sherg.az”a bildirib ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin dilindən belə məlumatların yayılması Ermənistana xəbərdarlıq mənasına gəlir:
“Biz Müdafiə Nazirliyinin mətbuat katibindən torpaqlarımızda hərəkət halında olan qeyri-qanuni hərbi birləşmilərin üzərinə atılan raket zərbəsi nəticəsində çoxlu sayda quldurun məhv edilməsi xəbərini gözləyirik. Dəfələrlə rus sülhməramlıları ilə yanaşı erməni silahlı dəstələrinin də Azərbaycan torpaqlarında rahat şəkildə hərəkət etdiyini görmüşdük. Halbuki üçtərəfli sazişin ən vacib müddəalarından biri erməni silahlılarının torpaqlarımızdan çıxarılması haqqındadır, buna nə Ermənistan, nə də Rusiya riayət edir".
Analitikin sözlərinə görə, bütün açıqlamalar öz torpaqlarımızda qeyri-qanuni hərbi birləşmələrə qarşı başladılacaq antiterror əməliyyatlarına hazırlıq məqsədi daşıya bilər:
"Yəni əməliyyatlara başlamazdan öncə, "Biz bunu bilmirdik", "Dünya ictimaiyyətinin xəbəri yoxdur", "Siz erməniləri öldürürsünüz" ittihamlarına cavab veririk. Ümumiyyətlə, biz orada sivil xalqa qarşı heç bir fəaliyyət aparmırıq. Əsas fəaliyyətimiz qanunsuz erməni yaraqlılarına və onları çıxarmayan rus sülhməramlılarına qarşıdır. Belə bir fəaliyyətə isə həm Azərbaycan, həm də dünya ictimaiyyətini hazırlamaq lazımdır. Hikmət Hacıyevin açıqlaması da hazırlıq məqsədi daşıyır".