Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar davam edir.
Dünən hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində daha bir şəbəkə ifşa olunub, saxlanılanlar var.
Hadisəyə münasibət bildirən millət vəkili, Sabiq MTN əməkdaşı Arzu Nağıyev “Sherg.az”a bildirib ki, DTX tərəfindən keçirilən əməliyyatlar nəticəsində İran xüsusi xidmət orqanlarının ifşa olunan agentura şəbəkəsi, onların bir neçə istiqamətdə Azərbaycana qarşı təxribat fəaliyyətlərini davam etdiyini göstərir:
"Bunlardan biri radikal dini qurumlar vasitəsilə aparılan təxribatlardır. Bu addım öz nüfuzlu agentura şəbəkəsini genişləndirmək və gələcəkdə Azərbaycanda islam dövləti yaratmaqla ölkənin strukturunu dəyişdirməyə hesablanıb.
Həmçinin əvvəllər ifşa olunmuş agentura şəbəkəsi, Azərbaycanın enerji strukturları və müdafiə-sənaye kompleksləri ilə bağlı məlumatı yığaraq həm özlərinə, həm də Ermənistana ötürüblər. Ümumiyyətlə, hər bir təxribata qarşı adekvat addımlar atılır.
İran təyyarəsinin sərhədboyu hərəkət etməsi və vizual kəşfiyyat aparması İranın öz əməllərindən əl çəkmədiyini bir daha sübut edir.
Bu həm qonşuluq siyasətinin pozulmasıdır, həm də Azərbaycana qarşı olan təxribat fəaliyyətlərinin bariz nümunəsidir. Hələ 90-cı illərin ortalarında da onlar belə təxribatlara əl atmışdı. Yəni ciddi cəhdlə nüfuz agenturaları formalaşdırmağa və Azərbaycanda İslam dövləti yaratmağa çalışırdılar. Bunun da qarşısı böyük çevikliklə alındı.
Azərbaycanın öz daxili və xarici siyasəti var. Biz dövlətçiliyimizə qarşı atılan istənilən addıma qarşı adekvat addım atacaq və belə təxribatların qarşısını alacağıq.
Eyni zamanda həm hüquq-mühafizə orqanları, həm də DTX bu istiqamətdə ciddi addımlar atır və əməliyyat şəraitinə nəzarət edir. İran və digər dövlətlər belə təxribatlarla nəyəsə nail ola bilməyəcəklər. Onların qarşısı hər zaman ciddi cəhdlə alınacaq".