“Laçın yolunda post qurulmalıdır” – Yoxlama aparılsın!



Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənistanın ağalarının verdiyi tapşırığı yerinə yetirdiyini deyən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov "Sherg.az"a vurğulayıb ki, Paşinyanın Putinlə danışığının ardından belə hadisənin olması bunu bir daha sübut edir:

"Rəsmi Moskva var gücü ilə çalışır ki, Azərbaycanla Ermənistan arasında yaxınlaşma olmasın. Yəni onlar sülh müqaviləsinin imzalanmasının və sərhədlərin delimitasiyasının qarşısını almaq istəyirlər. Mart ayı başlayandan elə gün olmur ki, atəşkəs pozulmasın. Hətta sonuncu dəfə Azərbaycan mövqeləri minaatanlardan atəşə tutulub. Bu məqsədyönlü şəkildə edilir ki, tərəflər bir araya gəlməsin. O ki, qaldı bizim separatçılara Bakıda görüş təklif etməyimiz, gəlin özümüzü ucuzlaşdırmayaq. Biz onların oyuncaq olduqlarını və vaxt qazanmaq istədiklərini yaxşı bilirik. Ermənistan “ustalıqla” bu vaxtı əldə edib ordusunu qururlar. Hətta mətbuatımızda iddia olunur ki, ortalığı qarışdıran Putin yox, Paşinyan imiş. Belə yazıları oxuyanda adamın “əti ürpəşir".

Ekspert qeyd edib ki, bu dəqiqələrdə İrəvanda Paşinyan mətbuat konfransı keçirir:

"Guya onlar sülh istəyir və təkliflərini Bakıya göndəriblər. Lakin ermənilər yaxşı bilir ki, Azərbaycan öz ərazilərində ikinci Ermənistanın qurulmasına imkan verməyəcək. Amma yenə də belə şeylərdən danışırlar.  Ümumiyyətlə onlar bir mərkəzdən müxtəlif fikirlər səsləndirərək uğurla vaxt qazanırlar. Yəni şərt qoyaraq özlərini elə aparırlar ki, guya məğlub tərəf Azərbaycandır. 

Bu səbəblə də vaxt itirmədən müəyyən işlər görülməlidir. Bu işin görülməsi antiterror əməliyyatlarına başlanılsın demək deyil. İlk növbədə Laçın yolunda post qurulmalı və oradan keçənləri yoxlamaq lazımdır. Bundan sonra isə separatçılar və onlara havadarlıq edənlər qaçmağa başlayacaqlar".