"Əslində biz qardaş Türkiyədən Vaşinqton görüşləri ilə bağlı pozitiv xəbərlər eşitməli idik".
Bunu "Sherg.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Hülusi Akarın çıxışından danışarkən deyib.
O söyləyib ki, biz mayın 1-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həddini aşan açıqlama verdiyini unutmamalıyıq:
"Bu açıqlamada "Tərəflər yalnız Rusiyanın iştirakı ilə hansısa sənədə imza atma bilər. Biz bu prosesdə yoxuqsa, qabulediməzdir" deyilmişdi. Türkiyə də ağıllı siyasətçi və generallar var. Onlar Rusiyanın Qarabağ məsələsində həm əvvəllər, həm də indiki mövqeyini açıq şəkildə görürlər. Akarın narahatlığı da bundan qaynaqlanır. Yəni Letsovun Volkovu yanına salıb Bakıya gəlməsi və nəzarət buraxılış məntəqəsi ilə bağlı hərəkətləri hər birimizi qayğlandırır”.
Ekspert bildirib ki, genişmiqyaslı əməliyyatların və toqquşmanın olması mümkün deyil:
"Sadəcə lokal xarakterli toqquşmalar ola bilər. Çünki Rusiya qan axmasına və tərəflər arasında gərginliyin yaşanmasına çalışacaq. Buna görə də Hülusi Akar belə fikirlər səsləndirib. Həmçinin H.Akar ermənilərin xislətini bilir. Bu səbəblə də Ermənistanın Moskva görüşlərindən sonra, Rusiyanın təxribatları və vədləri qarşısında danışıqlar prosesini pozmasından narahat olduğunu ifadə edir. Yəni Akarın başqa bir narahatlığı yoxdur. Lakin hələlik gördüyümüz mənzərə odur ki, Ermənistanın Xarici işlər naziri Vaşinqtonda danışıqlar aparır, Paşinyan isə Çexiyada Azərbaycanla münasibətləri pozmaq həddinə gətirə biləcək bəyanatlar verir. Qardaş Türkiyəni belə açıqlamalar verməyə vadar edən addımlar bunlardır".
Qeyd edək ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar İrəvanla Bakı arasında yeni eskalasiya təhlükəsinin olduğunu bildirib. Akar sül sazişinin imzalanması nə qədər yubanarsa, yeni münaqişə riskinin bir o qədər yüksək olduğunu deyib.
"Vəziyyət qeyri-sabitdir və get-gedə sülh sazişinin tezliklə imzalanmasına ümidimiz sönür. Hazırda münaqişə dondurulsa da, razılaşmanın uzadılması ilə hərbi əməliyyatların bərpası təhlükəsi artır", - Hulusi Akar vurğulayıb.