Ayşegül Timur ilklərə imza atdı
İstanbul Universitetində Biznesin idarə edilməsi üzrə təhsil aldıqdan sonra ABŞ-yə köçən professor Ayşegül Timur çalışdığı universitetdə ilklərə imza atıb. Florida Körfəz Sahil Universitetinin rektor seçilən ilk türk rektor Timur universitetin ilk qadın rektoru ünvanına da nail olub.
"Şərq" türk mediasına istinadən xəbər verir ki, səsvermədən sonra çıxış edən professor "Bu böyük quruma rəhbərlik etməkdən nə qədər qürur duyduğumu söyləməkdə çətinlik çəkirəm. FGCU-nun növbəti müddətli prezidenti kimi görünmək mənim üçün həqiqətən bir nailiyyətdir", - deyə bildirib.
Qəyyumlar Şurasının sədri Peter Sulik, "Doktor Ayşegül Timur ağıllı, çalışqan, qətiyyətlidir və əlbəttə ki, çox cəlbedici liderlik xüsusiyyətlərinə malikdir. Onun iş etikası ilə bağlı heç bir sual yoxdur" deyə vurğulayıb.
Ayşegül Timur iyunda Universitetin İdarə Heyətindən razılıq aldıqdan sonra iyulun 1-də vəzifəsinin icrasına başlayacaq.