Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır -Deputat

Qərb dairələrinin Azərbaycana qarşı təzyiq kampaniyası davam edir. Qeyd edək ki, bütün bunların arxasında vassal dövlət planı durur. Amma Azərbaycanda bu plan baş tutmayacaq. Üstəlik Qərb ölkələri “5-ci kolon” saxlamaq istəklərini ciddi-cəhdlə həyata keçirməyə çalışsalar da, nəticə verməyəcək. Çünki Azərbaycan xalqı Prezidentə tam dəstək verir və ətrafda baş verən hadisələri (Ukrayna, Gürcüstanda qarşıdurma cəhdi və s.) görür. Elə bunun timsalında Qərbin öz siyasətinə alət etmək istədiyi ölkələrin aqibəti - Ukraynanın düşdüyü vəziyyət, Gürcüstanda qarşıdurma və s. də açıq-aşkardır. Digər tərəfdən Azərbaycanda da bəzi marginal qrupların fəaliyyəti, Qərb dairələrinin onlardan istifadə etmək çabaları az deyil. Məsələn, geriyə nəzər salsaq, USAİD, OCCRP, “Abzas media”, “Meydan TV”, Xədicə İsmayılova və digər məsələlərə hamımız şahid olduq. Nəticə etibarilə isə Azərbaycan dövləti hər şeyi görür və ölkənin geosiyasi qarşıdurma meydanına çevrilməsinə imkan verməyəcək.

Milli Məclisin üzvü Ceyhun Məmmədov "Sherg.az"a söyləyib ki, bu gün Qərb bütün gücünü və potensialını ortaya qoyaraq Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır:

"Dünyanın bir sıra ölkələrində Qərb dairələrinin öz hədəfinə nail olduğunu görürük. Bu məqsədlə onlar müxtəlif metodlardan istifadə edirlər. Eyni zamanda "5-ci kolonu" saxlamaq üçün səy göstərirlər. Qərbin planlarına alət etmək istədiklərinin aqibətini Ukrayna yaşayır. Bundan başqa Gürcüstanda qarşıdurma yaratmağa çalışırlar. Ümumiyyətlə indiki vəziyyətdə regionda vəziyyət olduqca sərt və gərgindir. Qərb bundan sonra da bu prosesi davam etdirəcək. Digər tərəfdən Prezident İlham Əliyevin Rusiya kanalına verdiyi müsahibədə də bu məsələyə çox geniş şəkildə toxundu. Yəni Azərbaycanda fəaliyyət göstərən qurumlar xaricdən maliyyələşə bilməz. Həmçinin Qərbin hər hansı təşkilatının bizim ölkəmizdə özünə baza yaratmaq şansı yoxdur. Bu cür halların və cəhdlərin qarşısını Azərbaycan dövləti hər zaman olduğu kimi çox ciddi və qətiyyətlə alacaq. Bundan başqa Azərbaycan müstəqil siyasət həyata keçirir. Ölkəmizdə güclü dövlət strukturları mövcuddur".

Deputatın sözlərinə görə, Qərb dövlətləri çalışmalıdır ki, bu kimi təxribatlara son qoysunlar:
"İlham Əliyev özü də qeyd etdi ki, Azərbaycan bu xoşagəlməz halların qarşısını almağa qadirdir. Biz millət olaraq da bunu anlamalıyıq. Məhz Qərbin bu çabalarının qarşısını almaq üçün çalışmalıyıq. Çünki onlar bizə mane ola bilməz. Ümumilikdə Azərbaycan dövləti prinsipial və qətiyyətli mövqeyini hər zaman ortaya qoyub və buna sona kimi davam edəcək".