Nəticə belədir:"Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir"


"Son vaxtlarda Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu və Milli Müdafiə naziri Hülusi Akarın açıqlamalarında Azərbaycanı xüsusi vurğulamaları Kamal Kılıçdaroğluna cavab xarakteri daşıyır".
Bunu"Sherg.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Mövlud Çavuşoğlunun "Türk yolu Zəngəzurdan, Qarabağdan keçir" açıqlamasına münasibət bildirərkən deyib.
O söyləyib ki, Çavuşoğlunun bu açıqlaması Azərbaycanda yaşayan türklərə çağırış xarakteri daşıyır:

"Yəni seçkilərdə iştirak etmək hüququna malik şəxslərə səsləniş idi. Bu onları ayıltmaq məqsədi daşıyırdı ki, Türkiyənin gələcəyi Zəngəzur və Qarabağla bağlıdır. Yəni əgər biz hakimiyyətdən getsək, türk dövlətlərinin gələcəyi parlaq olmaya bilər fikri xalqa çatdırılır. Digər tərəfdən bu açıqlama həm də region ölkələrinə və Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən dövlətlərə  mesajdır. Çünki İran və Ermənistan kimi ölkələr başa düşməlidir ki, Qarabağ məsələsi daima qardaş Türkiyənin diqqətindədir".
Analitikin sözlərinə görə Çavuşoğlu bu açıqlama ilə Türkiyənin qətiyyətli mövqeyini bir daha ortaya qoydu:
"Şübhəsiz ki, həm İrəvan, həm Tehran, həm də digərləri bundan dərs çıxarmalıdırlar. Geosiyasi məsləyə gəldikdə isə, Zəngəzur dəhlizi həm də Mərkəzi Asiyaya gedən yolu təmin edir. Yəni bu dəhlizin açılması ilə Mərkəzi Asiyada olan türk dövlətlərinə giriş asanlaşacaq. Bu mənada Çavuşoğlu konkret ifadə edib ki, "Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir". Həmçinin Zəngəzur dəhlizinin açılması ilə böyük iqtisadi və siyasi dvidentlər əldə edə bilərik. 

Bu baxımdan Çavuşoğlunun açıqlaması bir neçə aspektdən xüsusi qiymətləndirilməlidir. Ümumiyyətlə Çavuşoğlu kimi xüsusi çəkisi olan diplomatlar təsadüfü intonasiyalardan istifadə etmirlər. Bu səbəblə də, onun dediklərindən hər kəs nəticə çıxarmalıdır".
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı “Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir”. deyib 
“Mənə maraqlıdır ki, Azərbaycandan nə istəyirlər? Azərbaycan Qarabağı işğaldan azad etmək üçün dəstək olanda daxilimizdəki bəziləri təəssüfləndi”.
O bildirib ki, bu gün Türkiyə regional və qlobal siyasi aktordur:
“Ukraynadakı müharibənin ən qısa zamanda bitməsi üçün səmimi səy göstərən yeganə ölkə Türkiyədir. Deyirlər ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır. Niyə? Axı bu sanksiyalardan itirən xalq olacaq”.