Rusiya zəifləyib! - Gürcüstanla əlaqələri bərpa etmək istəyir - Viza rejiminin ləğvi...

Rusiya Gürcüstanla viza rejimini ləğv edib. Bu barədə Rusiya Prezidenti Vladimir Putin göstəriş verib. Prezidentin göstərişinə əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Qərarın gözlənilməz olduğunu deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az" qeyd edib ki, Qərbin sanksiyaları fonunda biz Rusiyanın küncə sıxıldığını və müəyyən qədər iqtisadi, siyasi güc itirdiyini müşahidə edirdik:

"Lakin onun Gürcüstanla əlaqələri bərpa edəcək qədər zəiflədiyini düşünməzdim. Mənə elə gəlir ki, Kreml Qərblə əlaqələrin kəsilməsi, Avropaya çıxışların bağlanması fonunda özünə yeni alternativ bazarlar və tərəfdaşlar axtarır. Düzdür, Gürcüstanla tərəfdaşlığın nə qədər uğurlu olması sual altındadır. Çünki ortada işğal faktı və separatizm məsələsi var. Bunlar həll edilmədən tərəflərin müttəfiqə çevrilməsi şübhəlidir”.

Analitik əlavə edib ki, Gürcüstan bir tranzit yol və ya bazar kimi Rusiyanın diqqətini cəlb edir. Yəni rəsmi Tbilisi Kremlin tranzit yolları funksiyasını oynayacaq tərəflərdən birinə çevrilə bilər:

“Həmçinin Gürcüstan Rusiya və Ermənistan arasında yerləşir. Ermənistan isə Kremlin forpost ölkəsi rolunda çıxış edir. Bu halda rəsmi Tbilisi ilə münasibətlərin ziddiyyətli şəkildə davam etməsi Rusiyanın Ermənistana giriş-çıxışına problem yaradırdı. 

Çünki başqa bir alternativ tranzit yol ola biləcək Azərbaycanın Ermənistanla sülh müqaviləsinin olmaması bu əlaqələri sıfıra endirib. Ona görə də rəsmi Moskva burada Ermənistana daha rahat kommunikasiyanı çıxışla təmin etməyi hədəfləyir. 
Digər tərəfdən isə Rusiya anlayır ki, o hər kəslə düşmən ola-ola iqtisadi potensialın arxa plana atır və özünü xarici bazarlardan məhrum edir. 

Bu isə Kremlə həm iqtisadi, həm də dünyadakı nüfuzunun azalması fonunda zərər vurur. 
İndi isə ruslar bu məsələləri həll etməyə və gələcək üçün ideal tərəfdaşlıqlar qurmağa çalışırlar. Yəni Qərblə mübarizədə bəzi ölkələrin ən azından tərəfsiz qalmasına çalışır".