Saakaşvili azad edilir? - AKTUAL 

"İndiki məqamda Saakaşvili azad edilməyəcək. Çünki o hakimiyyət üçün təhlükə yaradır".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Turab Rzayev Saakaşvilinin siyasi aqibətinin necə olacağında danışarkən deyib. 
O bildirib ki, müxalifətin etirazlar və ya seçki yoluyla hakimiyyətə alternativ çıxarmağa resursları çatmır:

"Yəni müxalifəti vahid platformada birləşdirəcək şəxs yoxdur. Eyni zamanda Gürcüstan müxalifəti hakimiyyəti qarşı çıxacaq bir simvola da sahib deyil. Bu alternativ isə Saakaşvili ola bilərdi. Ona görə indiki hakimiyyət onu həbsxanadan buraxmağı düşünmür. 

Çünki özünə problem yaratmaq istəmir. Eks-prezidentin buraxılması üçün isə Qərbin böyük təzyiqlər göstərməsinə ehtiyac var. Düzdür, bəzən onlar təzyiq edir. Hətta maliyyə resurslarını kəsməklə hədələyirlər. Ancaq Qərb Gürcüstan hakimiyyəti üzərində həddindən artıq basqı yaratmır. 
Onlar çəkinirlər ki, indiki hökumətə həddən artıq təzyiq göstərsələr, hakimiyyət Rusiya ilə daha da yaxınlaşma yolunu seçə bilər. Buna görə də, Qərb ehtiyatla davranır".

Analitik əlavə edib ki, Gürcüstandakı hakimiyyət həm Rusiyanın maraqlarına uyğun olmadığını düşünərək, həm də özünə sərf etmədiyi üçün Saakaşvilini həbsdə saxlayır:

"Eyni zamanda eks prezidentin azad edilməsi hakimiyyət daxilindəki çatları da artıra bilər. Xatırlayırsızsa, Rusiya ilə bağlı indiki hakimiyyətin atdığı addımlarda, prezident yenə hökumətin əleyhinə çıxışlar etdi. Yəni Gürcüstan hakimiyyəti daxilində iqtidar, həmçinin prezident və baş nazir arasında müəyyən ziddiyyətlər var. Belə bir məqamda isə Saakaşvilini azad edərək risk almaq istəmirlər. Burada yalnız iki faktor prosesə təsir göstərə bilər. Birincisi Ukrayna müharibəsində Rusiyanın ciddi şəkildə məğlub olması. 
Belə bir vəziyyətdə gürcü hökuməti Kremlin onu qoruya bilməməsindən qorxaraq geri addım atacaq və eks- prezidenti daha tez azad edəcək. İkinci məsələ isə Gürcüstan hökuməti üzərində daha sərt təzyiqin qurulmasıdır. ABŞ və Avropanın isə Gürcüstanı itirməkdən qorxaraq sərt addımlar atıb-atmaması isə sual altındadır. 

Çünki rəsmi Tbilisi Qərbin yardımlarından və kreditlərindən asılıdır. Ona görə də düşünürəm ki, Qərb Saakaşvilinin azad edilməsi üçün, maliyyə məsələləri üzərindən hakimiyyətə təzyiq edə bilər".
Qeyd edək ki bir neçə gün bundan öncə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölümdən son anda xilas olduğnu yazıb. Vivamedi klinikasına yerləşdirilən eks-prezidentin sözlərinə görə, dəfələrlə huşunu itirib: 
"Bu gün yenə huşumu itirdim və ölümdən bir saç eni etibarı ilə xilas oldum – huşumu itirdiyim üçün yıxılıb başımı dəmir masaya vurdum. Tibb bacılarına təşəkkür etmək istəyirəm, onlar vaxtında kömək etməklə məni dirildə bildilər".