“Bizim uzunmüddətli strategiyamız çox aydındır və daxili resurslara hesablanıb. Azərbaycan ulu öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib”.
Bu barədə Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib.
Dövlətimizin başçısı deyib: “Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var”.
Ölkə başçısı bildirib ki, Həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır:
“Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır”.
Ölkə başçısının çıxışını dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, prezident çıxışı ilə yeni siyasi strategiyanı davam etdirdiyini açıqladı:
"Bu, onunla əlaqədardır ki, hazırda Zəfər günü, faşizm üzərində qələbə, bir az ümümi ictimai-siyasi vəziyyətə baxsaq, sülh prosesisi və masada Zəngəzurla, ermənilərin taleyi var. Ölkə başçısı da məhz bütün prosesləri əks etdirən mesajlarla dolu çıxış etdi. Həmçinin bu çıxışla Azərbaycana və onun strategiyasına qarşı cəbhə alan güclərə qarşı ciddi bir mövqe ortaya qoyuldu. Digər tərəfdən rəsmi Bakı ilə hədə dilində danışanlar bir mesaj verildi ki, bu keçərli deyil.
Bu isə çox önəmlidir. Həmçinin Azərbaycan ordusunun üzərindən,”biz gücümüzü paradda yox, müharibə meydanlarında göstərmişik” mesajının dalğalanması, daha yüksək bir çatdırma üsulu oldu. Mesajın yönəldiyi güc və ünvan isə hamıya bəllidir. Bu mənada Prezidentin çıxışında ən önəmli nüans, qalib gəlmişik və bunun üçün yetərli imkanlarımız var xəttidir.
Yəni cənab Prezident biz Azərbaycanın daxili, xarici, hərbi, siyasi proseslərini, gələcəyə yönəlik addımlarını qalibiyyət üzərinə inşa etmişik və bu davam edəcək mesajı verirdi".