"Şuşada möhkəmlənmək və Şuşanı dünya ictimaiyyətinin diqqət mərkəzində saxlamaq birbaşa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının əsasını qoymaq üçündür".
Bunu "Sherg.az"a açıqlamasında "Ayna-Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı ölkə başçısının Şuşaya tez-tez səfəri və oradan xalqla təmasa keçməsindən danışarkən deyib.
Baş yazar bildirib ki, Şuşanın adının beynəlxalq aləmdə tez-tez hallanması çox önəmlidir:
"Reklamda 25-ci kadr var. Orada əsasən imic reklamı gedir. Yəni insanların təhtəlşüuruna 25 kadr işlənilir. Çünki 25-ci kadr görünmür və birbaşa şüura təsir göstərir. Bax cənab prezident həmin effektdən istifadə edir. Bu mənada Şuşa deyiləndə onun Azərbaycan torpağı olduğu hamı tərəfindən qəbul edilmiş olur".
Cənab Prezident İlham Əliyevin xalqla təmaslarını dəyərləndirən baş yazar əlavə edib ki, siyasi lider öz milləti ilə ünsiyyətdə olmalıdır:
"İstənilən sanballı rəhbər özünün xalqla təmasda olduğunu göstərir".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın onun da Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşa şəhərindən müraciət edib.
Müraciətdə deyilir:
- Əziz bacılar və qardaşlar.
Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bildiyiniz kimi, 2023-cü il mənim Sərəncamımla “Heydər Əliyev İli” elan olunmuşdur. İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.
Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır.