“Kılıçdaroğlunun məğlubiyyəti ilə başa çatacaq”
“Kamal Kılıçdaroğlu HDP-nin və YSP-nin (Yeşil Sol Parti) səslərindən imtina edə bilməz”.
Bunu “Sherg.az”a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı Türkiyədə keçirilən Prezident və Parlament seçkilərini dəyərləndirərkən deyib.
O bildirib ki, Kılıçdaroğlu Davudoğlu, Babacan kimi sabiq AKP-lilərdən çox cüzi dəstək alır və əsl Atatürkçü CHP-lilər onu dəstəkləmir:
“Kılıçdaroğlunun səslərinin əsasını CHP-lilər və İyi partiyalılar təşkil edirsə, digər əsas səs HDP və YSP-dən gəlir. Bu ikisindən isə, azı 12-13 faiz səs deməkdir.
Ərdoğan isə, HÜDA PAR-dan heç 1 faiz səs almır. Onun ittifaqda əsas səs aldığı özünün AK Partiyası, sonra isə, MHP-dir. Digər tərəfdən Sinan Oğan demişdi ki, əgər ikinci tura biz qalmasaq, kim terrormeyilli partiyalardan uzaqlaşar və bizim şərtlərimizlə razı olarsa, ondan yana olacağıq. Sinan Oğanın səsi isə 6 faizə çatmır. Yəni, Kılıçdaroğlu 6 faiz üçün 12-13 faizlik terrormeyilli səslərdən imtina edə bilməz. Çünki bu ağılsızlıq olar. Ərdoğan isə, HÜDA PAR-dan aldığı bir faizə çatmayan səsi asanlıqla siləcək. Üstəgəl, Sinan Oğanın şərtləri AKP üçün qəbuledilməz nöqtədə sayılmır. Onsuz da MHP bənzər şərtlərə sahibdir.
Analitikin sözlərinə görə seçim ikinci turda Kılıçdaroğlunun məğlubiyyəti ilə başa çatacaq:
“Seçkilərdə daha yaxşı tərəf odur ki, Sinan Oğan iqtidarda təmsil olunacaq və MHP-nin qoyduğu şərtlər Ata İttifaqının tələbləri ilə daha da yüksələcək. Sinan Oğan hazırda hədəfinə çatmaqdadır. Türkiyənin terror təfəkkürünün ümidinə buraxmayacaq. Kılıçdaroğlu isə, eqoizmin və təkəbbürün nə olduğunu indi daha yaxşı anlayacaq. Türk xalqı vaxtında kimi aday çıxarmaq lazım olduğunu həm demiş, həm də tələb etmişdi. Maraqlısı odur ki, Kılıçdaroğlu həmin o siyasətçiləri də özü ilə bərabər məhv etdi. Çünki o siyasilər də vaxtında xalqı dinləmək yerinə, hansısa Kılıçdaroğlunu xalqdan üstün tutdular. Akşener böyük siyasətçi imiş, amma tərəfi yanlış oldu”.
Qeyd edək ki, Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 95,09 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,42 faiz səslə öndədir.
İkinci yerdə 44,95 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,2 faiz).
Ümumilikdə seçici fəallığı 86,28 faiz təşkil edir.
Parlament seçkilərində səsvermə bülletenlərinin 99,38faizinin sayılmasından sonra hakim Cumhur ittifaqı 49,37 faiz, Millət ittifaqı 35,12, Özgürlük İttifaqı 10,52 faiz, ATA ittifaqı 2,45 faiz, Sosialist Güc Birliyi ittifaqı isə 0,29 faiz səs toplayıb