Türkiyənin seçki örnəyi:“Əlində nəfəs balonu məntəqəyə...” 


“Mən Azərbaycanda da vətəndaşların belə fəal olmağını istəyərdim"

"Türkiyə bizim üçün nümunəvi bir ölkədir".
Bunu "Sherg.az"a açıqlamasında AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Türkiyədəki seçki ənənələrindən danışarkən deyib. 
O bildirib ki, dəfələrlə Türkiyənin müxtəlif şəhərlərində olub:

"Elə bu zaman da qardaş ölkədəki siyasi fəallığın yüksək olduğuna şahid olmuşam. Orada adi taksi sürücüsü ilə söhbət etsən belə, əsl siyasət adamı kimi danışır. Yəni türk xalqının ölkə daxili və xarici siyasətdən yüksək anlayışı var. Bu isə seçkilərdə öz təsirini göstərir. Çünki Türkiyədə sağlam mühit və çoxpartiyalı oturuşmuş sistem var. Xüsusən də ikinci dünya müharibəsindən sonra çoxpartiyalı sistem güclənib. Ümumiyyətlə, Türkiyədə partiyaların real gücü var. Yəni bizdən fərqli olaraq partiyalar sosial gücə maikdir. Bu da seçkidə özünü göstərir".

M.Zülfüqarlı əlavə edib ki, qardaş Türkiyədə belə bir oturuşmuş sistemin varlığından şaddır:

"Ayın 14 də keçirilən seçkiləri hamı kimi biz də izlədik. Bu isə Türkiyədə çoxpartiyalı, demokratik seçki sisteminin olduğunu və əhalinin fəallığını bir daha sübut etdi. Həmçinin xəstə bir seçicinin oğlunun köməyi ilə, əlində nəfəs balonu seçkiyə gəlməsi, onun dövlətin gələcəyinə necə önəm verdiyini göstərir.

 Bu seçki fəallığı hamı üçün nümunə olmalıdır. Çünki seçkidə passiv mövqe göstərməkdənsə, dövlətin gələcəyi ilə bağlı addım atmaq hər bir insanın vəzifəsidir. Mən Azərbaycanda da vətəndaşların belə fəal olmağını istəyərdim".

Qeyd edək ki, dünən Türkiyədə Prezident və Parlament seçkiləri baş tutub.  CHP sözçüsü Faik Öztrak mətbuata açıqlamasında bildirib ki, prezident seçkiləri ikinci tura qalıb.