Brüssel görüşü: “Rusiya Ermənistanda İranın “əl”i  ilə “vurulur” - PƏRDƏARXASI

Hələ XİN rəhbərləri səviyyəsində Vaşinqtonda baş verən görüş zamanı tərəflərin müəyyən məsələlər üzrə razılıq əldə etdiyi bəyan edilmişdi". 
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Elşən Məcidov Brüssel görüşündən sonra Aİ  Şurasının Prezidenti Şarl Mişelin kommunikasiya xətlərinin açılması ilə bağlı siqnallarını dəyərləndirərkən deyib.
O bildirib ki, bu açıqlamadan, əldə edilən razılığın nəqliyyat və kommunikasiya şəbəkəsi ilə bağlı olduğu bəlli idi:

"Biz Brüssel görüşündə bunun təsdiqini gördük. Həmçinin Brüssel görüşündə qeyd edildi ki, Azərbaycan Naxçıvana dəmir yolunun bərpa edilməsi üzrə razılıq əldə edib. Yəni Mehri üzərindən Azərbaycanın Qərb rayonlarına, Naxçıvana dəmir yolu şəbəkəsi çəkilir və Ermənistan onu təmin etməlidir. Azərbaycan isə öz növbəsində Naxçıvanda mövcud olan dəmir yolu şəbəkəsi vasitəsilə Ermənistanın İranla əlaqəsinin qurulmasına yardım etməlidir. 

Çünki Ermənistan və İran bunu özləri edə bilmir. Yəni onların sərhəd əraziləri coğrafi cəhətdən münasib deyil və dəmir yolu əlaqəsi qurmaq çətindir. Naxçıvanda isə bu xətt onsuz da var. Sadəcə İran və Ermənistanda olan dəmir yolu şəbəkəsini Naxçıvana uzatmaq lazımdır. Digər tərəfdən burada mühüm məqamlar var. Birincisi, bu məsələ üzrə razılıq Azərbaycanın görüşə qədər Laçında nəzarət buraxılış məntəqəsi qurduğu üçün mümkün oldu. Əgər bu həyata keçməsə idi, rəsmi İrəvan Zəngəzurda məntəqənin qurulması və nəqliyyat kommunikasiya şəbəkəsinin açılmasında irəli addım atmayacaqdı". 

Analitik əlavə edib ki, Azərbaycanın NBM qurması ilə Laçın dəhlizi anlayışı yox çıxdı və ora yola çevrildi:

"Belə bir şəraitdə isə Ermənistanın iki çıxışı qalır: ya Zəngəzuru bizim Laçındakı ilə eyni statuslu yola çevirmək, ya da bundan imtina edərək Rusiyanın təzyiqi altında dəhlizə çevirmək. Bizim üçün hər iki variant münasibdir. Əgər Zəngəzur dəhliz olsa, biz Qərb rayonlarına və Naxçıvana maneəsiz gedib-gələ biləcəyik. Digər tərəfdən Zəngəzurun yol kimi istifadəyə verilməsi də bizim xeyirimizədir. Ona görə ki, Rusiyanın Cənubi Qafqazda olmaması sabitliyin təminatı deməkdir". 

E.Məcidovun sözlərinə görə, belə bir kontekstdə kommunikasiyanın açılmasının üç əsas faydası var:

"İlk növbədə bizim Ermənistanın ərazi bütövlüyünü Zəngəzur üzərində tanımağımız İranı qane etmir. Buna görə də bizi günahlandırır. Lakin rəsmi İrəvanın dəhlizdə öz NBM-ni qurması Cənub qonşumuzun bizə qarşı olan ittihamlarına son qoyur. Yəni İran Bakını zorla dəhliz açmaqda və işğalçı olmaqda günahlandıra bilməz. İkincisi, rejim Cənubi Qafqazda nüfuz qazanmaq və şimal-cənub dəhlizini açmaq istəyir. Şimal-cənub dəhlizinin Naxçıvan ərazisindən keçməsi isə çox önəmlidir. Bununla da biz həm iqtisadi, həm də siyasi fayda əldə edəcəyik. 

Üçüncüsü isə Rusiyanın Ermənistandakı nüfuzunun zəifləməsi artıq Azərbaycan və Qərbin “əli” ilə yox, İranın “əl”i ilə olacaq. Yəni Cənub və Şimal qonşumuz müttəfiqdirlər və Kremlin nüfuzun rəsmi Tehran tərəfindən azaldılması, oxları bizim üzərimizdən çəkəcək. Ümumiyyətlə bu kommunikasiya xətlərinin açarı və nəzarəti bizim əlimizdədir. Yəni İran və Ermənistanın səhv addımlar atarlarsa, biz həmin şəbəkəni yenidən dayandıra bilərik. Bu baxımdan Brüssel görüşü çox məhsuldar oldu və biz istədiklərimizi əldə etdik".

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlama verib.
O bildirib ki, Kommunikasiyalarla bağlı tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrində aydın irəliləyiş əldə ediblər.

“İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvana və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. Onlar komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər. Onlar həmçinin bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər”, - deyə Mişel vurğulayıb.