Erməni agetura şəbəkəsinin kökü necə kəsilməli? – MÜHÜM DETAL 

“Hər işin öz peşəkarı var və mütəxəssis olmayanlar agentura ilə işləyə bilmir”

“Ona görə də güclü mütəxəssislər yetişdirilməlidir.  Yəni məsələnin kökündən həlli üçün kadr seçimi vacibdir”


“Azərbaycanda yetəri qədər erməni əsilli vətəndaşlar var. Onların bizim içimizdə yaşaması tamamilə azərbaycanlılaşması demək deyil”
Bu sözləri “Sherg.az”a təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza DTX-nın Ermənistana işləyən şəxsləri ifşa etməsindən danışarkən deyib. 
Onun sözlərinə görə, bu şəxslərin arasında adı və soyadı azərbaycanlı, lakin kökü erməni olanlar təbii ki, agentlik edəcək:

"Digər tərəfdən burada agentura faktı var. Hər bir cəsus məsələyə millət kimi yox, mütəxəssis kimi yanaşır. Ola bilər ki, ifşa edilən şəxs Ermənistan xüsusi xidmət orqanları ilə anlaşıb və ikili işləyib. Üçüncüsü, Azərbaycan vətəndaşının erməni xüsusi xidmət orqanlarına xidmət etməsi idealogiya məsələsidir. Çünki erməni idealogiyası 1700-cü illərdə formalaşmağa başlayıb və "Böyük Ermənistan" dövlətinin qurulması iddiası ortaya atılıb. Bu “idealogiya” üzərində isə artıq 300 ildir təbliğat aparılır və insanların inancına müdaxilə edilir. İfşa olunan şəxsi də belə bir “idealogiya”ya inandırıblar”.

Ekspert əlavə edib ki, belə şəxslərin birdəfəyə kökünü kəsmək mümkün deyil:

"Çünki böyük bir dünya təcrübəsi var. Biz 2-3 min illik tarixə nəzər salsaq görərik ki, elə təşkilatlar mövcuddur ki, min il fəaliyyət göstərib. Hətta onların kökünün kəsildiyinə inanılsa da, min ildən sonra yenidən ortaya çıxıb. Ona görə də belə şəbəkələrin tamamən sonunu gətirmək reallıqdan uzaqdır. Amma müəyyən qədər qarşısını almaq üçün güc strukturları, əsasən də milli təhlükəsizlik məsələləri ilə məşğul olan orqanlar çox diqqətli olmalıdırlar. Yəni ilk növbədə belə hadisələrə qarşı mütəxəssislər işə götürülməlidir. Çünki hər işin öz peşəkarı var və mütəxəssis olmayanlar agentura ilə işləyə bilmir. Ona görə də güclü mütəxəssislər yetişdirilməlidir.  Yəni məsələnin kökündən həlli üçün kadr seçimi vacibdir. Çünki sadəcə güc strukturlarının sayının artırılması çıxış yolu deyil. Biz prosesləri gələcəyə də hesablamalıyıq".

Qeyd edək ki, DövləT Təhlükəsizlik Xidməti Ermənistana işləyən şəxslərin ifşası ilə bağlı məlumat yayıb.
Məlimatda deyilir:
“Görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlunun saxlanılaraq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilib.
Müəyyən edilib ki, Rəşad Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirmişdir.
Rəşad Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlu və digər şəxslərlə birgə ölkəmizdə etnik və dini zəmində düşmənçilik salınmasına və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlayıb. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən “YouTube” kanalları və digər sosial şəbəkələrdə paylaşılıb.   
Rəşad Əhmədov Ermənistan xüsusi xidmət orqanlarının himayəsi altında İrəvan Dövlət Universitetində kafedra rəhbəri Qarnik Asatryan və qeyrilərinin xüsusi olaraq məqsədyönlü şəkildə tərtib etdikləri Azərbaycan Respublikası ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritəni etnik separatizm məqsədilə Azərbaycan Respublikası vətəndaşları arasında yayılmasını təşkil edib.
Əhmədov Rəşad Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28, 214.1 (terrorçuluğa hazırlıq) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar), Əmirov Rövşən Musa oğlu 274 (dövlətə xəyanət) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə araşdırmalar davam etdirilir”.