Moskva anlayır ki, Ukrayna savaşı Rusiya üçün həlledici məqama yaxınlaşır
"Rusiya ilə NATO ölkələri arasında qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək".
Bunu Rusiyanın sabiq Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, Qərb ehtimal olunan təhlükəni dərk etmir.
D.Medvedev söyləyib ki, ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynanı təkcə F-16 qırıcıları ilə deyil, həm də nüvə silahı ilə təmin edəcəklər.
Xatırladaq ki, D.Medvedev bundan əvvəl də Rusiyanın öz təhlükəsizliyi naminə bütün silahlardan, o cümlədən lazım gələrsə, nüvə silahından istifadə edə biləcəyini bildirib.
Rusiyanın rəsmi şəxslərinin Qərbi və Avropanı nüvə ilə təhdid etməsinin ilk olmadığını deyən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, bu təhdidlərin müəllifləri sırasında Medvedev öndə gedir:
"Bu hədə-qorxular ilk başlanğıcda müəyyən effekt verir və Qərbdə narahatlıq doğururdu. Ancaq zaman keçdikcə bu adiləşdi və əvvəlki effektini itirdi. Yəni heç kəs Kremlin nüvə silahından istifadə edəcəyinə inanmır. Rusiyanın əlində isə hazırkı məqamda Qərbi təhdid edəcək başqa mexanizm yoxdur. Ümumiyyətlə Moskva anlayır ki, Ukrayna savaşı Rusiya üçün həlledici məqama yaxınlaşır. Yəni vəziyyət belə davam etsə, Rusiya məğlub ölkə kimi öz gələcək taleyi barəsində düşünməli olacaq".
Analitik əlavə edib ki, Kreml Baxmutun işğal edilməsini təntənə ilə qeyd edirdi:
"Lakin məlum oldu ki, Baxmutun alınması rus ordusunun yox "Vaqnerin" xidmətidir. Onlar isə döyüş bölgəsindən çıxmaq istəyirlər. Üstəlik Priqojin Rusiyadakı hərbi-siyasi rəhbərliyi ciddi şəkildə ittiham edir. Onun bütün ittihamlarında isə Kremlin məğlub olacağına eyhamlar var. Digər tərəfdən artıq Moskvanın gözləntiləri də özünü doğrultmur. Onlar düşünürdü ki, Qərb və Avropanın Ukraynaya dəstəyi zəifləyəcək. Ancaq gözləntilər puç oldu. Əksinə Ukrayna ordusuna F-16 kimi silahların verilməsi ilə bağlı prinsipial qərarlar verildi. Kreml də bu silahların verilməsinin qarşısını almaq üçün təhdidlər yağdırır. Hətta F-16 ların verilməsini Qərbin Rusiyaya birbaşa müharibə elan etməsi kimi qiymətləndirirlər".