Paytaxtda dövlət balansında olan parklanma yerləri çox azdır - PROBLEM

"Sentyabrın 15-dək bu yerlərin sayı artmasa, biz yenə tıxacların, narazılıqların, nağdsız ödəmələrin, “parkovşik”lərin pul tələbinin şahidi olacağıq" 


Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, 07 avqust tarixindən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçiriləcək. Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz artıq. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur. Əvvəlcədən də qeyd olunduğu kimi, ödənişlər mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə ediləcək. Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılacaq. Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər. Əks halda sürücülərə qarşı cərimə tətbiq ediləcək. Parklanma yeri kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edənlər də cərimələnəcəklər. Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də “Nəqliyyat Könüllüləri” prosesə cəlb olunacaqlar.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında parklanma ilə bağlı problemə nəhayət ki, müəyyən qədər aydınlıq gətirilməsini müsbət addım adlandırdı, lakin bəzi hallarla bağlı hələ də suallarımn açıq qaldığını dedi:

- Mobil tətbiq müsbət yenilikdir. Vətəndaşı maraqlandırmır, ödəməni nağd həyata keçirir, yaxud nağdsız – sms yoluyla və ya internet üzərindən.  Vətəndaş üçün əsas bu prosesin rahat olmasıdır.  Sürücü bilməlidir ki, avtomobilini harda park edə bilər və bunun dəyəri nədir. Mobil tətbiq hökumət üçün sərfəlidir, çünki ödəmələrə nəzarət olunacaq artıq. Parklanma ödənişləri konkret şəxslərin cibinə deyil, dövlətin büdcəsinə toplanacaq. Bu, yaxşıdır. Amma prosesdə çatışmazlıqlar var.  Əvvəlcə bunu qeyd edim ki, parkinq məsələsində mobil tətbiq təcrübəsi dünyada mövcuddur, o cümlədən də Rusiyada.  Amma Rusiyadakı mobil tətbiq daha çoxşaxəli, daha funksionaldır. Bu özünü idarəetmədə, ödəmənin rahatlığında, tətbiqin zənginliyində, informasiya bolluğunda göstərir. Bizdə isə inbformasiya kasadlığıdır. Mobil tətbiqin özü barədə vətəndaşa daha ətraflı məlumat verilməlidir. Vətəndaş bilməlidir ki, mobil tətbiq mümkün olmadığı halda hansı vasitədən istifadə edə biləcək. Ödəmə terminalları varmı və gərəkən saydadırmı, bu da bilinmir. Ən əsası, vətəndaşa parklanma yerlərinin dəqiq ünvanı bildirilməlidir. Bəli, proses yeni başlayıb və bildirilir ki, mərkəzdən, 1-ci zonadan başlanılıb. Bəs digər ərazilər? Hamı mərkəzdə yaşayır məgər? Paytaxtın digər ərazilərində parklanma qaydaları necədir, bilinmir. Cəmi bir neçə parklanma yeri qeyd edilib. Bakı kimi sıx şəhər üçün cəmi 1 neçə parklanma yeri təbii ki çox azdır. 

E.Cəfərov qeyd etdi ki, bu durum sürücülərlə “parkovşik”lər arasında mübahisə və anlaşılmazlıqların davam etməsinə səbəb olacaq: 

- Parklanma nişanı olmayan yerdə avtomobilni saxlamaq məcburiyyətində olan sürücü yenə “parkovşik”lərə nağd ödəmə edəcək. Çünki buna məcburdur. Sürücü hardan bilsin ki, parklanma yeri dövlətə məxsusdur, yaxud özəldir? Heç bir nişan yoxdur. “Parkovşik” də deyir, pulludu, öul verməlisən. Nə etməliyəm? Onunla əlbəyaxa olmalıyam?!. Sürücü bu vəziyyyətdə etiraz edə bilmir axı. Konkret misal çəkim. “Gənclik” metrostansiyasının qarşısında, Atatürk prospektindəki parklanma yerinin girişində şlaqbaum qoyulub. Girib-çıxandan pul alınır. Ancaq blinmir, ora dövlətin balansındadır, yoxsa özəldir. Dövlətin balansındadırsa, yazılı məlumat, lövhə yerləşdirilməlidir, sürücülər də rəsmi şəkildə ödəmə etməlidir. Özəldrisə də bildirilsin ki, özəldir, parklanma xidməti neçəyədir. Dövlət balansında olan parklanma yerlərinin dəqiq ünvanını açıqlamamaqla vətəndaşları üz-üzə qoyurlar. Yenə təkrar edirəm ki, hazırda paytaxtda dövlət balansında olan parklanma yerləri çox azdır. Sentyabrın 15-dək bu yerlərin sayı artmasa, biz yenə tıxacların, narazılıqların, nağdsız ödəmələrin, “parkovşik”lərin pul tələbinin şahidi olacağıq.