Səyahət turları ölüm saçır: Avtobus sürücüləri dincəlmir

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən avtonəqliyyat vasitələri ilə səyahət turları təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib. Müraciətdə deyilir: 

"Hazırda səyahət məqsədilə regionlara təşkil olunan turların sayı mövsümlə əlaqədar olaraq əhəmiyyətli dərəcədə artıb. Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallarda isə qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və ya mikroavtobuslardan istifadə olunur. Lakin, təəssüf ki, əksər hallarda qeyri-müntəzəm daşımalar zamanı avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş və istirahət rejiminə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını dəfələrlə artırır. Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə, fərdi qaydada ekskursiyalar təşkil edən şəxslərdən belə səfərləri yalnız bu sahədə ixtisaslaşmış turizm şirkətləri vasitəsilə həyata keçirmələri xahiş olunur. Eyni zamanda avtobus və mikroavtobus sahiblərinin, eləcə də onları idarə edən şəxslərin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə respublikanın regionlarına qanunsuz daşımaların təşkil edilməsi hallarının aşkar ediləcəyi təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri barədə inzibati tənbeh tədbirləri görülücək”. Dövlət Yol Polisi vətəndaşları təhlükəsiz gəzintiyə üstünlük verməyə çağırıb. 

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, yay mövsümündə səyahət turları qaçılmazdır, lakin təhlükəsizliyə əməl etmək çox vacibdir: 

- Təkcə yay mövsümündə deyil, səyahət turları digər zamanlarda da təşkil olunur. Şənbə-bazar günləri, bayram günlərində. Bu cür səyahətlər zamanı təəssüf ki, dəfələrlə avtomobil qəzalarının şahidi oluruq. Hətta məktəbliləri, müəllim kollektivini  aparan avtobuslar da qəzalar törədib. 2 gün əvvəl Şamaxıda turistləri aparan avtobus qəza törətmişdi. Xəsarət alanlar vardı. Məlumatda bildirilirdi ki,  Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində yolun kənarındakı torpaq əraziyə daxil olub. Bu qəzaların əsas səbəbləri bəzi sürücülərin eyri-peşəkarlığı, yol hərəkəti qaydalarını bilməməsi, yol nişanlarından xəbərsiz olmaları, hərəkət etdikləri əraziyə bələd olmamaları, tələckənlik, yorğunluq...  Görün, nə qədər səbəblər var. Avtobus sürücüləri dincəlmir, gəlir əldə etməyi üstün tuturlar, bir səfərdən qayıdıb, dərhal digər səfərə çıxırlar. Yay mövsümüdür, səyahətə gedənlər çoxdur, sürücülər, şirkətlər də yaranmış imkandan maksimum yararlanmağa çalışırlar. Amma təhlükəsizliyi, insan həyatını görməzdən gəlirlər. 

İ.Hüseynli qeyd etdi ki, tur şirkətləri sürücüləri işə götürərkən kateqoriyayalarına baxmalıdırlar: 

- Hər sürücüyə sərnişin daşınmasında etibar etmək olmaz. Sürücülərə istirahət verilməlidir. Yola çıxarkən yorğun, əsəbi olmamalıdırlar. Tələskənlik, ümumiyyətlə yolverilməzdir. Qəzaların baş verməsinin əsas səbəblə rindən biri tələskənlikdir. Itirahət yerinə tez çatmağa çalışırlar, qayıdış zamanı da tələsirlər. Çünki gec saatlarda istirahət məkanını tərk edirlər. Gecə avtomobil idarə etmık xüsusi bacarıq, peşəkarlıq tələb edir. 
İ.Hüseynli vətəndaşları da tur şirkətlərini seçərkən, tur avtobusu kirayələrkən diqqətli olmağı, sürücü barədə, mümkün olduğu qədər məlumat almağı tövsiyə etdi.