"Taxıl sazişi" pozulsa, dünyada ərzaq qıtlığı yaranacaq

"Rusiya hansı oyun oynadığını çox gözəl bilir"

“Taxıl sazişi”nin taleyi təkcə Ukrayna, Rusiya, Türkiyəni deyil, bütün dünyanı narahat edir. Qərb də, ABŞ də bu sazişin müddətinin uzadılmasında maraqlıdır”. 
Bu fikirləri “Sherg.az”a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib. Qeyd edək ki, Türkiyənin “Yeni Şafak” qəzetində “Taxıl sazişi” ilə bağlı material dərc olunub. Materialda sazişlə bağlı 3 ssenari üzərində düşünüldüyü bildirilir. Qəzetin yazdığına görə, birinci ssenari mövcud vəziyyətdən çıxış yolunun tapılmayacağı ilə bağlıdır. Təbii ki, bu halda ərzaq böhranı yaranacağı şübhə doğurmur. İkinci ssenari isə “ikitərəfli razılaşmalar əsasında birtərəfli hərəkətlə alternativ yolların yaradılmasını” nəzərdə tutur. Bu halda söhbət Ukraynanın kənd təsərrüfatı məhsullarının Dunay vasitəsilə və ya qurudan Avropaya çatdırılmasından gedir. Üçüncü ssenari isə Rusiyaya güzəştə gedilməsidir. Qəzetin yazdığına görə, əgər Rusiyanın bəzi narahatlıqları aradan qaldırılarsa, taxıl dəhlizi əvvəlki formatda fəaliyyətini bərpa edə bilər.

Məsələ ilə bağlı  danışan iqtisadçı Pərviz Heydərov bildirdi ki, “Taxıl sazişi”nin taleyi barədə hazırda dəqiq fikir söyləmək çətindir, çünki:  
- Bu, sırf iqtisadi məsələ olsa da, siyasi oyunların alətinə çevrilib. Taxıl məsələsi həm Rusiya, həm Ukrayna, həm də ABŞ və Qərb üçün önəmlidir. ABŞ dünyada ən çox taxıl tədarük edən dövlətlərdən biridir. Bununla belə, hətta ABŞ də “Taxıl sazişi”nin davam etməsində maraqlıdır. Çünki taxıl strateji məhsuldur, ərzaq məhsulları içində ən böyük əhəmiyyətə malikdir. Taxıl bahalaşsa, çörək də bahalaşacaq, bunun davamı olaraq da bütün digər ərzaq məhsulları. Nəticədə inflyasiya yaranacaq, iqtisadi böhran dərinləşəcək. Hazırda ABŞ də, Qərb dövlətləri də daxildə inflyasiya ilə əlləşirlər. Rusiya da hansı oyun oynadığını çox gözəl bilir. Rusiya “Taxıl sazişi” ilə spekulyasiya etməyə çalışır və deyir ki, “baxın, mən ərzaq böhranı yarada bilərəm”. Halbuki Rusiyanın özündə hazırda mürəkkəb siyasi-iqtisadi vəziyyət hökm sürür. Amma əlində müəyyən vasitə olduğu üçün özünü əsas oyunçu kimi aparmağa çalışır. Hesab edirəm ki, “Taxıl sazişi”ndə iqtisadi maraqlar qalib gələcək. Rusiya hər nə qədər spekulyativ davranış sərgiləsə də, ona güzəştə gedilməsi və ya başqa bir üsulla “Taxıl sazişi”nin müddətini uzatmağa nail olacaqlar. Çünki dediyim kimi, bu, bütün dünyanın marağında olan məsələdir. Rusiyanı da başa salacaqlar ki, taxılla oyun oynamaq olmaz. 
Ölkəmizdə taxıl, çörək qıtlığının yarana biləcəyinə gəlincə, iqtisadçı qeyd etdi ki, qıtlıqdan əziyyət çəkməmək üçün qabaqlayıcı tədbirlər görülməlidir: 
- Birinci növbədə yetərli miqdarda taxıl ehtiyatımız olmalıdır. Bunun üçün də özümüz buğdalıq taxıl istehsalını artırmalıyıq. İndi dünya kənd təsərrüfatında ən müasir üsullardan istifadə edir. Əkinçiliyi, taxılçılığı, heyvandarlığı genişləndirir. Bütün dünya ərzaq böhranının olacağı qorxusu altındadır. Yaxın gələcəkdə bu təhlükədən sığortalanmaq üçün də bu gündən fəaliyyətə başlanmalıdır. Düzdür, biz bir çox məsələlərdə gecikmişik. Amma yenə də, düzgün istiqamət götürüb taxılçılığı, heyvandarlığı inkişaf etdirə bilərik.