Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
İlkin məlumatlara görə, məntəqədən təxminən 60-a yaxın şəxs sərbəst şəkildə keçid edib. Kadrlardan da göründüyü kimi, bu şəxslər yükləri ilə birgə ərazini tərk edirlər. Yəni, onların birdəfəlik getdikləri açıq-aydın görünür. Həmin şəxslərin əksəriyyəti isə Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan, Qarabağdakı separatçılığı dəstəkləyən insanlardır.
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu "Sherg.az"a şərh edib ki, üç qrup Qarabağı tərk edə bilər:
"Bunlardan birincisi Rusiya vətəndaşlarıdır. İkincisi, Qarabağda olan Ermənistan ordusunun qalıqlarıdır ki, ola bilsin, mülki forma ilə torpaqlarımızı tərk edirlər. Onlara da biz şərait yaratmalıyıq. Sonuncu qrup isə Azərbaycanın qanunları ilə yaşamaq istəməyən Qarabağ erməniləridir. Sözügedən üç qrupun ərazilərimizi tərk etmə prosesi artıq başlayıb. Ancaq bundan çox da böyük nəticələr çıxarmağa dəyməz. Çünki separatizm hələ bölgədə qalır və onunla mübarizəni davam etdirməliyik. Yəni rus sülhməramlılarını yola salmalı və separatçıları silahsızlaşdırmalıyıq. Ümumiyyətlə proses onu göstərir ki, Azərbaycan qanunları ilə yaşamaq istəməyənlər bölgəmizi tərk etməli olacaq. Ermənilər bir qismi də Rusiya pasportu alıblar və başa düşürlər ki, Azərbaycan qanunlarını qəbul etməsələr, torpaqlarımızda yaşamaq onlar üçün çətinlikləri artacaq. Ona görə də bu obyektiv prosesdir, amma hələ kütləvi hal almayıb".