Gəlin, tələsməyək, əsirlərimizi də düşünməliyik

Səadət Bənənyarlı: “Hazırkı durumda Qızıl Aypara Cəmiyyəti ilə BQXK missiyanı birlikdə icra etməlidir”

“Biz Ermənistanda qanunsuz olaraq saxlanılan əsirlərimiz barədə hələ ki, yalnız BQXK vasitəsilə məlumat alırıq”


  Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyasını üstlənməsi təklif edilir. Buna səbəb son zamanlar BQXK-nin fəaliyyətindəki nöqsanlar, bu beynəlxalq təşkilatın obyektivliyinin, qərəzsizliyinin şübhə altına düşməsidir. Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsindən üzərində BQXK-nin nişanı olan avtomobillərdə silah-sursat daşınması, bu qurumun Azərbaycan ərazilərindəki fəaliyyətini, nəinki beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə, hətta elan etdiyi prinsiplərə uyğun qura bilməməsi, Xankəndi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi olduğu halda, bu qurumun Qarabağ iqtisadi rayonunun erməni azlığının yaşadığı kiçik ərazidə fəaliyyət göstərən təsisatının beynəlxalq hüquqa zidd olaraq Azərbaycandakı nümayəndəliyinə deyil, Cenevrədə yerləşən mərkəzi ofisinə tabe olması, bir çox məsələlərdə qərəzli və bölücü yanaşması, Ermənistanın antihumanist davranışlarına münasibətdə heç bir əməli addım atmaması, birtərəfli mövqe sərgiləməsidir. Politoloqlar hesab edir ki, ölkəmizdə humanitar təşkilat - Qızıl Aypara Cəmiyyəti fəaliyyət göstərdiyi halda BQXK-yə ehtiyac qalmır. Millət vəkili Bəhruz Məhərrəmov isə KİV-ə açıqlamasında qeyd edib ki, BQXK-nin fəaliyyətinə beynəlxalq hüquqa istinad edilərək xitam vermək olar: “...təxribatçı fəaliyyətlərlə məşğul olan BQXK-nin “fəaliyyəti”nin Qızıl Aypara ilə əvəzlənməsi barədə qərar qəbul edilməlidir. BQXK isə Azərbaycanla imzaladığı 1996-cı il Sazişinin 9-cu maddəsinin 13-cü bəndi ilə borcludur ki, "Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etsin". BQXK təxribatçılıqda israrlı olarsa, biz elə həmin Sazişinin 12-ci maddəsinə və 1961-ci il Vyana Müqaviləsinin 9-cu bəndi ilə nəzərdə tutulan addımları atmaqdan çəkinməməliyik”. 
 
 BQXK-nin fəaliyyətinə xitam verilə və bu qurumun missiyasını Qızıl Aypara Cəmiyyəti üstlənə bilərmi? 

"Sherg.az"a açıqlamasında Beynəlxalq İnsan Hüquqları  Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı qeyd etdi ki, BQXK-nin fəaliyyətinin müsbət və mənfi cəhətləri var: 

- Bu qurumun fəaliyyətinə birmənalı şəkildə mənfi qiymət vermək doğru olmaz. BQXK uzun illərdir ölkəmizdə fəaliyyət göstərir, mənfiliklərlə yanaşı müsbət fəaliyyətləri də olub. Bizim əsirlərimizin geri qaytarılmasında, itkin düşənlərin tapılmasında BQXK az rol oynamayıb. Bu qurumda azərbaycanlılar da çalışır. BQXK-nin bəzi məsələlərdə tərəfkeşlik etdiyini danmırıq. Lakin qurumun müsbət işlərini də unutmamalıyıq. Son zamanlar BQXK-nin fəaliyyətindən narazılıqlar artıb. Bu da tamamilə anlaşılandır. Quruma yönəlmiş iradlar əsaslıdır. Lakin qurumun fəaliyyətinə birdəfəlik xitam verilməsi düzgün olmaz.  Qızıl Aypara Cəmiyyəti BQXK-nin missiyasını üzərinə götürməyə hazır olduğunu bəyan edirsə, bu, çox yaxşıdır. Qızıl Aypara Cəmiyyəti də humanitar təşkilatdır və erməni əsilli vətəndaşlarımızın kompakt yaşadığı Xankəndinə humanitar karvanı çatdırmaqda əsas vasitəçi ola bilər. Lakin gəlin, tələsməyək, biz qarşı tərəfi də nəzərə almalıyıq. Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşlarımızda Qızıl Aypara Cəmiyyətinə inamı, etibarı yavaş-yavaş formalaşdırmalıyıq. Ermənistan əsirlərlə bağlı məsələdə Qızıl Aypara Cəmiyyətinə etibarsızlıq nümayiş etdirə bilər. Biz Ermənistanda qanunsuz olaraq saxlanılan əsirlərimiz barədə hələ ki, yalnız BQXK vasitəsilə məlumat alırıq. Əsirlərimizi də düşünməliyik. Hesab edirəm ki, hazırkı durumda Qızıl Aypara Cəmiyyəti ilə BQXK missiyanı birlikdə icra etməlidir. Hər iki qurum paralel fəaliyyət göstərsə daha yaxşıdır. Bu, erməni əsilli vətəndaşlarımızın narazılığına səbəb olmaz, məncə. Əksinə, onlarda inamı gücləndirər. İllərdir, BQXK erməni əsilli vətəndaşlarla əlaqə yaradır, ünsiyyət qurur. Bunu birdəfəlik ləğv etmək doğru olmaz və müəyyən problemlər yaradar. Amma bu iki qurum əlaqəli şəkildə, bir istiqamətdə fəaliyyət göstərsə Qızıl Aypara Cəmiyyətinin erməni əsilli vətəndaşlarımız arasında etibar qazanmasına səbəb olar.