Bir neçə gün əvvəl Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələri qəbul edilmədi.
Dünən isə Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldi.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Elmir Səftərov bildirib ki, AŞPA-nın bu qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur:
"Qərar ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycana qarşı Qərb ölkələrində başlayan sistemli təzyiq prosesinin bir hissəsidir. Belə ki, 2023-cü il iyunun 22-də AŞPA-nın Ermənistanın Laçın dəhlizi ilə bağlı mövqeyini dəstəkləyən qətnamə qəbul etməsi Azərbaycanla əlaqələrə zərbə vurmuşdu. Bundan sonra Ermənistanla şərti sərhəddə Fransa tərəfindən təşkil olunan TIR “yardım şousu” baş verdi. Fransa və Ermənistan TIR-ların “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməyinə icazə verilməməsi üçün əllərindən gələni etdilər. Çünki Azərbaycan Xankəndiyə yardım aparmaq üçün Ağdam-Xankəndi yolunu tövsiyə etmişdi. Demək ki, burada əsas məqsəd yardım yox, beynəlxalq müstəvidə hay-küy yaratmaq və gələcək təzyiqlər etmək üçün zəmin hazırlamaq idi və belə də oldu. Amma Fransa və AŞPA ölkəmizin iradəsinə təsir edəcəyini düşünsə də, məqsədinə nail olmadı. Bu da onlarda nüfuz itirilməsi ilə nəticələndiyi üçün ölkəmizə qarşı qərəzini daha da artırdı. AŞPA-dakı qərar, həmçinin ötən il Ermənistanın BMT Təhlükəsizlik Şurasından şantaj kampaniyası üçün istifadə etmək cəhdinin sistemli davamıdır. Belə ki, Fransanın Azərbaycana qarşı kampaniyası, Jozep Borrel kimi Avropa İttifaqı məmurlarının açıqlamaları, indi də AŞPA-da anti-Azərbaycan mexanizminin işə salınması ölkəmizə qarşı ədalətsiz, qərəzli, ikili standartlara əsaslanan münasibətin bariz nümunəsidir".
Elmir Səftərov vurğulayıb ki, ölkəmizə qarşı təzyiqlərin əsas səbəblərindən biri də İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərlə əlaqədardır:
"Çünki Qərb dairələrinin uzun müddət Azərbaycan torpaqlarının işğalı faktını görməzdən gəlməsi, amma ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə aqressiv yanaşması dediklərimizi təsdiq edir. Bu baxımdan qeyd edə bilərik ki, xristian təəssübkeşliyi edən həmin güclər mürəkkəb geosiyasi zamanda 30 il işğal altında qalan torpaqlarını 44 günə azad edən Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Bu, əslində böyük oyunçuların Cənubi Qafqazla, regionumuzla bağlı uzunmüddətli planlarının alt-üst olması anlamına gəlir.
Bundan əlavə, verilən qərarlar onu deməyə əsas verir ki, AŞPA-da azərbaycançılığa, türkçülüyə, İslama düşmən olan şəxslər fəaliyyət göstərir. Həmçinin AŞPA-da saxtakarlıq edilir, bir çox faktlar təhrif olunmuş formada verilir. Bu da birbaşa AŞPA-nın Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə dair normalara uyğun davranmadığının bariz nümunəsidir.
Bir müddət sonra Azərbaycanın AŞPA və digər Avropa təsisatları ilə əlaqələri normallaşsa da, bu, həmin qurumların və təşkilatların ölkəmizə qarşı yanaşmasında ciddi dəyişikliklərə gətirib çıxmayacaq. Təcrübə və əvvəlki illərin nəticələri də göstərir ki, onların ölkəmizə qarşı münasibəti ikili standartlardan kənara çıxmır. Bu baxımdan da geosiyasi dəyişikliklər nəticəsində dünyanın siyasi xəritəsində müstəqil Türk dövlətlərinin olması və birləşməsi imperialist güclərin marağında olmadığı üçün Azərbaycanı müxtəlif təzyiqlərlə özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Ona görə Qoşulmana Hərəkatının (QH), İslam Əməkdaşlıq Təşkilatının, əsasən də Türk Dövlətləri Təşkilatının (TDT) üzərinə ciddi iş düşür. Son 3 ildə, ümumilikdə isə son 30 ilə yaxın müddətdə dünyada Türk dövlətlərinə, İslam dünyasına qarşı baş verən ədalətsiz yanaşma yeni birliklərin ərsəyə gəlməsini və daha effektiv fəaliyyət göstərməsini zərurətə çevirir. Çünki regional və beynəlxalq təşkilatların böyük güclərin əlində təzyiq vasitəsi kimi istifadə olunması baş verən problemləri həll etmir".