Azərbaycan-İran gərginliyi: Tehran Bakıya niyə zəmanət vermir?

Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyi iki amil əsasında bərpa edilə bilər.
Bu bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"İlkin olaraq terror əməli ilə bağlı qərar qəbul edilməsi. İkinci amil səfirliyin tam təhlükəsizliyinə zəmanət verilməsidir. Biz bundan tam arxayın olmalıyıq", - nazir qeyd edib.


Ceyhun Bayramovun fikirlərinə münasibət bildirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Sherg.az"a söyləyib ki, İran xarici işlər nazirinin sözçüsü Nasir Kənani yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə hücüm edən şəxslə bağlı məhkəmə prosesi uzun sürməyəcək:

"Yəni bu, o,  deməkdir ki, yaxın zamanlarda Azərbaycan səfirliyinə terrorizm etmiş İran vətəndaşı barəsində hökm çıxarılacaq. Bu isə Azərbaycan tərəfinin birinci şərti idi. İkinci şərt isə təhlükəsizliyin təmin olunmasına zəmanətin verilməsi idi. Təhlükəsizlik təminatına zəmanət verilsə belə, terror hücumlarının baş verməyəcəyinə dair söz verilmir. Eyni zamanda belə bir zəmanətin verilməsi də çətindir. Çünki İranda hadisələr gərginliyin baş verəcəyini deməyə əsas verir. Məsələn, Germanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin keçmiş rəhbəri general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlıq ətrafında baş vermiş hücüm deməyə əsas verir ki, İranda istənilən zaman terror hadisəsi baş verə bilər. İran hakimiyyəti isə terror aktlarının qarşını almaqda zəifdir. Ona görə də tam təhlükəsizliklə bağlı İran hakimiyyətinin hansı zəmanətləri verəcəyi şübhəlidir. Məsələnin əsas tərəflərindən biri isə İran tərəfinin verəcəyi zəmanətin nədən ibarət olmasıdır. Terror törətmiş şəxslə bağlı hökm də Azərbaycan tərəfi üçün qaneedici olmalıdır. İran hakimiyyəti indiyə qədər bu məsələni terror aktı deyil, məişət hadisəsi olaraq dəyərləndirib".