Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib.
Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina edən Avropa Şurası Parlament Assambleyası bu addımını “Qarabağdan erməni əhalisinin çıxarılması”, təşkilatın seçkilərə dəvət edilməməsi kimi bir neçə iddia ilə əsaslandırır. Avropa Şurasının hesabatlarında Azərbaycanın demokratik təsisatların inkişafı, söz və media azadlığı, seçki hüququnun qorunması, siyasi plüralizm kimi təməl prinsiplərin təmin edildiyi qeydləri yer alır.
AŞPA-nın plenar iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməsi ilə bağlı qətnamənin qəbul edilməsi ilə bağlı "Sherg.az"a danışan Millət vəkili Arzu Nağıyev vurğulayıb ki, bu çox qərəzli bir mövqedir:
"Həmin qərəzli mövqedə AŞPA bir sıra məqamı qabartmağa çalışıb. Azərbaycanda insan hüquqları, siyasi dustaqlar bağlı məsələləri Almaniyalı deputat gündəmə gətirib. Burada insan hüquqlarının tapdalanmasını qeyd edərkən Ermənistan dövlətini nəzərə alıblar. Eyni zamanda qondarma qurumun etnik təmizləməyə məruz qalmasını dilə gətiriblər. Belə məsələləri diqqətə çatdırmaqla AŞPA yenidən ikili standartlarla çıxış edib. Əsas təəssüf doğuran məsələ təmsil olunan deputatlardan səsvermədə 76-nın lehinə, 10-nun əleyhinə, 4-nün isə bitərəf qalması olub. Bunlar müxtəlif dövlətləri təmsil edən deputatlardır. Ayrı-ayrılıqda həmin ölkələrlə Azərbaycanın normal münasibətləri mövcuddur. Yəni konkret olaraq burada söhbət siyasi yönümlüdür və Azərbaycana qarşı qərəzli mövqe sərgiləməkdir. AŞPA hər zaman Azərbaycanın torpaqlarının azad edilməsi ilə bağlı məsələlərdə susurdu. Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanda deklorativ bəyanatlarla çıxış etdilər. Yəni Avropada həmin dövlətlərin əksəriyyətinin burada siyasi, iqtisadi, mənəvi və hərbi maraqları var. Onlar, qondarma soyqırımı, qondarma separatizm və "qondarma Qarabağ" məsələsindən istifadə edərək ciddi vəsaitlər qazanırdılar. Eyni zamanda müxtəlif qeyri-hökumət təşkilatları daim bu məsəlləri fərqli tribunalarda qabardaraq bundan maliyyə əldə edirdilər. Artıq onların heç biri bölgədə mövcud deyil. Həmin ölkələri narahat edən isə müsbət şəkildə öz problemlərimizin həllini tapmağımızdır".