Hələ gözləyirik: AŞPA-nın baxışı dəyişməlidir və yanaşma ədalətli olmalıdır

Azərbaycana qərəzli münasibətdə dəyişiklik olmazsa, o halda Avropa strukturlarında qalmağın mənası olmayacaq
 

  Qəribə vəziyyət yaranıb. 30 il ərzində Qarabağın və Laçın yolunun nəzarətsiz ərazi olmasına göz yuman, Ermənistana nümayəndə göndərməyən və təzyiq etməyən Avropa Şurası Parlament Assambleyası işğal faktını öz gücü hesabına aradan qaldıran, torpaqlarını təmizləyib, ərazi bütövlüyünü bərpa edən Azərbaycana təzyiq göstərir. AŞPA bununla klassik ikili standartlar yanaşmasını yenidən ortaya qoyur. Sözügedən qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərini işğal etməsi faktına qarşı yalnız hüquqi çəkisi, heç bir praktiki təsir gücü olmayan azsaylı bəyanatlar verib. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr versə də, icrası üçün heç bir addım atmayıb. Həmin qətnamələri icra etməyən Ermənistana heç bir sanksiyanı və hətta nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması məsələsini də müzakirə etməyib. 30 il ərzində Azərbaycan ərazilərinin işğal faktına göz yumub və Ermənistana özəl münasibət sərgiləyib. Təşkilatı Azərbaycanla münasibətlərdə yalnız ermənilərlə bağlı məsələlər narahat edib, yalnız bu mövzunu prioritet sayıb. Hətta Azərbaycan öz ərazilərini işğaldan azad edəndən sonra digər Avropa institutları kimi AŞPA da Ermənistanın işğal müddətində törətdiyi dağıntıları, maddi-mədəni, dini irsin yox edilməsini öz gözləri ilə görmək üçün heç bir təşəbbüs göstərməyib. Bakının dəvətlərinə isə qarşılıq verməyib. AŞPA "fikir, söz azadlığı" və "demokratiya" kimi mövzuları rəsmi Bakıya qarşı manipulyasiya vasitəsi kimi istifadə etməyə çalışır. Belə olan halda, AŞPA ilə münasibətlərdə öz gündəliyi olan Azərbaycanın maraqlarının gözardı edilməsini heç bir halda qəbul etmək olmaz. Onu da xatırladaq ki, Azərbaycan istər prezident, istərsə də parlament seçkiləri ilə bağlı həmişə beynəlxalq qurumlara, o cümlədən Avropa Şurası Parlament Assambleyasına dəvət göndərib. AŞPA nümayəndə heyəti müşahidəçi qismində iştirak etdiyi seçkilərdə, o cümlədən 2020-ci ildə keçirilən sonuncu parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinə dair müsbət rəyləri var. Lakin Avropa İttifaqının siyasi təsiri altında olan AŞPA Brüsselin və Parisin təsiri altında ötən aylarda qeyri-obyektiv yanaşması ilə diqqət çəkib, özünün beynəlxalq nüfuzuna zərbə vurub. Qurumun Azərbaycana yanaşması da Azərbaycanla bağlı qərəzli və obyektivlikdən uzaq mövqe tutduğunu sezməyə imkan verir. Beləliklə, AŞPA özü-özünə quyu qazaraq əhəmiyyətsiz, nüfuzu olmayan quruma çevrilib. Qurumun qərəzli addımları Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxmasına da yol aça bilər. Çünki rəsmi Bakı Almaniya və Fransanın anti-Azərbaycan platformasına çevirdiyi qurumun obyektivliyinə, orada ədalətli qərarların veriləcəyinə qətiyyən güvənmir. Təşkilatda dözülməz irqçilik, Azərbaycanofobiya və islamofobiya mühiti olduqca şiddətlidir. Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edib. Bu təşkilata üzvlük Azərbaycana demək olar ki, heç nə verməyib. Digər xristian klubu Avropa Parlamenti kimi AŞ və AŞPA da Azərbaycana və Türkiyəyə qarşı daim qərəzli, qeyri-obyektiv mövqe nümayiş etdirib. 

  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az"a deyib ki, Azərbaycan Avropanın İnsan Hüquqları üzrə Məhkəməsindən hələ çıxmayıb. Ekspert vurğulayıb ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsi tanınmadı və səsvermə hüquqları 1 il müddətinə ləğv edildi. Yəni Azərbaycanın parlamentariləri 1 il ərzində AŞPA-nın iclaslarında iştirak etməkdən məhrum olundular:
 "Əgər nə vaxtsa, AŞPA-dan çıxarılmaq və çıxmaqla bağlı qərar olarsa, o zaman avtomatik olaraq AŞPA-ya bağlı institutlardan da xaric ediləcək. O cümlədən də Avropanın İnsan Hüquqları üzrə Məhkəməsinin yurisdiksiyasından çıxmış sayılacağıq. Amma Azərbaycan tərəfinin və hazırda AŞPA-nın bəzi rəsmilərinin açıqlamalarında qeyd olunur ki, hər iki tərəf üçün qapılar açıqdır və müzakirələr aparıla bilər. Qaldırılmış bəzi iradların müzakirəsi aparılmalıdır. AŞPA-nın tələbi də odur ki, Bakı bəzi məsələri icra etməlidir. Bunun nə qədər qanuni, yaxud qanunsuz olduğunu müzakirə etmirəm. Sadəcə hesab edirəm ki, belə məsələlər masa arxasında tənzimlənməli və Azərbaycan Avropa institutlarının tərkibində davamlı qalmalıdır. Həm də sübut etməliyik ki, bu, Azərbaycanın da istəyidir. Düzdür, Avropa institutları bizə qarşı olduqca qərəzlidirlər və qeyri-obyektiv, ədalətsiz qərarlar qəbul edirlər. Ölkəmizə münasibətdə Azərbaycanofobiyanın işə düşdüyünü də görürük. Heç bir məntiqə sığmayan, absurd iddialar ortaya qoyaraq Azərbaycana qarşı qərəzli addımlar atırlar. Ancaq bu hələ son deyil. Azərbaycanın Avropanın İnsan Hüquqları üzrə Məhkəməsində qalmaq hüququ var. Vətəndaşlar onları narahat edən ayrı-ayrı məsələlərlə bağlı Avropa Məhkəməsinə müraciət edə bilərlər. Bir ilədək, yaxud ondan sonra hansı proseslərin baş verəcəyini zaman göstərəcək. Bir daha deyirəm, Azərbaycan Avropa Şurasından çıxmayana, yaxud xaric edilməyənədək Avropa İnsan Hüquqları üzrə Məhkəmənin yurisdiksiyasında qalacağıq". 

  Hüquq müdafiəçisi indiki dönəmdə "Azərbaycan Avropanın İnsan Hüquqları Məhkəməsindən çıxsın" təkliflərini doğru saymır: 
"Azərbaycan məhkəmələrində müəyyən məsələlərdə prosessual hüquqları pozulan şəxslərin Avropa institutlarına müraciət etmək hüquqları saxlanılmalıdır. Azərbaycan Avropa Evinin bir üzvü olmaqda israrlıdır. Ümid edirəm ki, məsələ sonda müsbət tənzimlənəcək və nümayəndə heyətimiz həmin institutlarda öz fəaliyyətlərini icra edəcəklər. Amma Azərbaycana qərəzli münasibətdə dəyişiklik olmazsa, o halda Avropa strukturlarında qalmağın mənası olmayacaq. Beynəlxalq təşkilatların Azərbaycana baxışı dəyişməlidir və yanaşma ədalətli olmalıdır. Avropa sübut etməlidir ki, "xristian klubu" deyil və bütün xalqlara, dinlərə münasibətdə ədalətlidir. Hələlik bunları görmürük".