Birgə qərarlar zamanıdır: COP 29-un Bakıda keçirilməsi dünya birliyi üçün çox əhəmiyyətli olacaq

BMT-nin İnkişaf  Proqramı tərəfindən qlobal vəziyyəti sabitləşdirmək üçün 2030-cu ilə kimi bir sıra hədəflər müəyyənləşdirilib. Bura torpaq deqradasiyasına qarşı neytral dünyaya nail olmaq, dağ ekosistemlərinin mühafizəsini təmin etmək, mühafizə olunan flora və fauna növlərinin qanunsuz istismarına son qoymaq, təbiətdə olan ekosistemləri qorumaq, meşələri mühafizə və bərpa etmək istiqamətində tədbirlərin həyata keçirilməsi daxildir. Beynəlxalq təşkilatlar tərəfindən iqtisadi fəaliyyətin ekoloji mühitin qorunması şəraitində təşkili tövsiyə edilir. Atmosferə atılan tullantıların sıfıra endirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, ətraf aləm üçün zərərsiz texnologiyaların tətbiqinin sürətləndirilməsi daha keyfiyyətli yaşayış şəraitinin yaradılmasına təkan verən tədbirlərdəndir. Bu sahədə çağırışları təmin etmək üçün dünya ölkələri tərəfindən alternativ enerji mənbələrindən istifadə son bir ildə yüksək həddə çatıb. Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına əsasən, dünyanın bərpa olunan enerji potensialı 2023-cü ildə 50 faiz artaraq, demək olar ki, 510 GVt-a çatıb. Bu, son üç onillikdə ən sürətli artım kimi izah edilir. Bu rəqəmlər, COP28-də qeyd edildiyi kimi, 2030-cu ilə qədər bu sahədə qlobal potensialı üç dəfə artırmaq məqsədinə nail olmaq üçün real şansın olduğunu sübut edir. Proqnozlara əsasən, günəş panelləri və külək 95 faizlik artım göstəricisi ilə 2025-ci ilin əvvəlinə qədər kömürü geridə qoyaraq qlobal elektrik enerjisi istehsalının ən böyük mənbəyinə çevriləcək və qlobal bərpa olunan enerji tutumunun növbəti beş il ərzində 7300 GVt-a qədər artacağı gözlənilir. O baxımdan yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas istiqamətidir. Alternativ enerji ehtiyatlarının həcmi də bu sahədə dönüş yaratmaq və iqlim dəyişikliyi ilə mübarizədə qlobal cəhdlərə töhfə vermək üçün ciddi əsaslar yaradır. Son illərdə ölkəmizdə 2030-cu ilə qədər enerjiyə olan tələbatın 30 faizinin bərpa olunan enerji mənbələri hesabına gerçəkləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. 2023-cü ilin oktyabr ayında Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyası sayılan 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəmin 270 meqavata çatacağı gözlənilir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətləri ilə birlikdə günəş və külək enerjisindən istifadəni təmin edəcək layihələr reallaşdırılır. Təmiz ekoloji mühitə dəstək çərçivəsində SOCAR tərəfindən hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi, emissiya intensivliklərinin azaldılması, “Sıfır metan”, 2050-ci ilə qədər “Xalis sıfır” (Net Zero) kimi hədəflər müəyyənləşdirilib. Ölkəmizin bu sahədə aktiv fəaliyyəti beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi və Azərbaycanın iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində fəaliyyəti qlobal səviyyədə təqdir edilir. Xarici ekspertlər Azərbaycanın külək və günəş enerjisinə investisiyalar ilə yaşıl gündəliyə sadiqliyini, Xəzər dənizindəki külək stansiyalarından əldə edilən yaşıl enerjinin Avropaya ötürülməsi üçün Qara dənizin altından elektrik kabelinin çəkilməsi istiqamətində tədbirləri və COP29 barədə yüksək gözləntiləri xüsusi vurğulayırlar. Bu açıqlamalar ölkəmizin ənənəvi enerjidən bərpa olunan enerjiyə keçidi təşviq edən başlıca aktorlardan birinə çevrildiyini təsdiqləyir. 


Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında bildirib ki, qlobal İqlim dəyişikliklıəri bu gün bəşəriyyət üçün təhlükə törədən ən böyük problemlərdəndir. Deputat vurğulayıb ki, məhz ona görə BMT səviyyəsində bu qlobal problemə həsr olunmuş xüsusi sesiyası keçirilir: 

"Bütün dünya ölkələri bir yerdə iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəylik nümayiş etdirərək bu məsələnin həlli yolları axtarılır. İqlim dəyişiklikləri deyiləndə əsasən dəniz səviyyəsinin qalxması, okean suyunun istiliyi, okeanın turşulaşması, qlobal istiləşmə, onun səbəbləri və fəsadları, buzların əriməsi, parnik qazları tullantıları, okeanın çirklənməsi və s. kimi başa düşülür. Azərbaycan qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə könüllü öhdəlik götürmüş ölkələr sırasındadır. Ölkəmiz 2030-cu ilə qədər istehsal olunacaq elektrik enerjisinin 35 faizini bərpa olunan enerji resursları üzərinə keçirməyi hədəfləyib. Ölkəmizin bu təşəbbüsləri dünya birliyi tərəfindən də yüksək dəyərləndirilir. Bu dəstəyin bariz göstəricisi kimi Dubayda keçirilən COP 28 beynəlxalq konfransında COP 29-a ev sahibliyində dünya birliyi tərəfindən Azərbaycanı dəstəklənməsini qeyd edə bilərik".

Parlament üzvü qeyd edib ki, Prezident İlham Əliyevin Avrasiya İqrtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı məktubda iqlim dəyiklikləri ilə bağlı məsələyə xüüsusi yer verilməsi ölkəmiz və dünya üçün bu prioblemin həll olunmasının çox əhəmiyyətli olduğunun göstəricisi hesab edirəm: 

"Qlobal problemlərin həll olunmasında dünya birliyi həmrəylik nümayiş etdirməlidir. Bakıda keçiriləcək COP 29 beynəlxalq konfransda iqlim dəyişiklikləri ilə bağlı məsələdə dünya birliyinin birgə qərarlarının qəbul olunacağını düşünürəm. Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəxalq tədbirlərdə fəal iş görür və çox ciddi qərarlar qəbul olunur. Bu baxımdan COP 29-un Bakıda keçirilməsi iqlim dəyişiklikləri ilə bağlı mübarizədə dünya birliyi üçün çox əhəmiyyətli olacaq".