Akif Nağı: Ermənilər məzarlıqları belə ucdantutma minalayıblar

Düşmənin çirkin məqsədi bəllidir

Bununla insanların öz yurdlarına geri dönmək arzu-istəyini gecikdirmək istəyirlər


  Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Qaracalılar, Laçın rayonunun Suarası və Füzuli rayonunun Qorqan və Qarakollu kəndlərində yerləşən qəbiristanlıqların minalı olması ilə bağlı dəqiq məlumatlar var. Bununla bağlı məlumat “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi tərəfindən hazırlanan "Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat"da əksini tapıb. Hesabata əsasən, təşkilatın monitorinqləri zamanı müəyyən edilib ki, Yusifcanlı və Suarası məzarlıqlarında baş vermiş mina partlayışları nəticəsində 3 nəfər həlak olub və 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Laçın rayonunun Zabux, Sus kəndlərinin yaşayış məntəqələrində həyətyanı evlərdə quraşdırılmış improvizə olunmuş partlayıcı qurğuların işə düşməsi nəticəsində bir nəfər xəsarət alıb. Bundan başqa, hesabatda qeyd olunub ki, Füzuli rayonunun Qarğabazar kəndi ərazisində Şah Abbas karvansarayı, Merdinli kəndində Pirlər türbəsi, Qorqan kəndi ərazisində İbə piri (ziyarətgah), Ağdam rayonunda Cümə məscidi, Tərtər rayonundakı alban kilsələrinin ətrafında müxtəlif sayda partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib.

  Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan silahlı dəstələrinin hərbi məqsədlərlə keçmiş təmas xəttində müəyyən yerlərə, yollara mina basdırmasını haradasa başa düşmək olar və burada da hədəf əsasən hərbçilər olur. Partiya rəhbəri qeyd edib ki, dinc əhalinin gedə biləcəyi çoxsaylı yerlərə, yaşayış məskənlərinə adətən minalar basdırılmır: 

"Amma ermənilər mülki şəxslərin ayaq basdıqları yerləri, evlərin həyətləri, ziyarət edilən dini məbədlərin ətrafını, o cümlədən məzarlıqları belə ucdantutma minalayıblar. Düşmənin çirkin məqsədi bəllidir. Erməni tərəfi daha çox dinc azərbaycanlının ölümünə səbəb olmaqla yanaşı, həmçinin insanların geri dönüşünə mane olmaq, onları qorxutmaq məqsədi güdür. Ermənistan çox yaxşı bilirdi ki, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Məhz qayıdış prosesini mümkün qədər ləngitmək məqsədilə haranı gəldi minalayıblar. İnsanların öz yurdlarına geri dönmək arzu-istəyini gecikdirmək istəyirlər. Bir növ işğaldan azad etdiyimiz ərazilərimizə geri qayıdanları "peşman" etmək, onları tərəddüddə saxlamaq niyyəti güdüblər. Bu da ermənilərin nə qədər qeyri-insanı xarakterə, vəhşi xislətə malik olduqlarını göstərir".