Parlamentari: Fransa Ermənistanı yeni müharibəyə hazırlayır

Azərbaycanın Avropadakı partnyorları, strateji tərəfdaşları Fransanın bu çirkin oyunlarına dur deməlidir


  Emmanuel Makronun rəhbərliyi ilə Fransa hökuməti regionumuzdakı mövcud reallıqları düzgün qiymətləndirmir və Azərbaycana təsir etmək üçün müxtəlif qərarlar qəbul edir. Həmçinin beynəlxalq təşkilatlarda ölkəmiz əleyhinə qətnamələrin qəbul olunmasına çalışır. Paris Ermənistanı silahlandırdığını, açıq dəstək verdiyini etiraf edir. Bütün bunlar Cənubi Qafqazda olmağa cəhd edən Fransanı əksinə, regiondan daha çox uzaqlaşdırır. Fransa ölkəmizə qarşı məkrli siyasət aparmaqla Mərkəzi Asiya ölkələri ilə əlaqə qurmaq imkanlarından da məhrum olur. Xatırladaq ki, rəsmi Paris 1990-cı illərdə Ermənistan-Azərbaycan münasibətlərində daha çox bitərəf davranırdı. Lakin Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə vəziyyət kökündən dəyişdi və Fransanın əsl siması ortaya çıxdı. Fransa bu gün Azərbaycanla təhdid, şantaj dili ilə danışmaqla, regionda sülhün əldə edilməsinə mane olur. Ermənistanı silahlandırmaqla nəyəsə nail ola biləcəyini düşünür. Halbuki Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, “Azərbaycanla kimsə təhdid, şantaj dili ilə danışa bilməz”. Bizə təzyiq edən qüvvələrin məkrli siyasətini ifşa etmək imkanlarımız çoxdur. Ona görə də Fransanın Afrikada, Korsikada, Mayot adalarında, Yeni Kaledoniyada etdikləri rəzillikləri bütün dünyanın diqqətinə çatdırırıq. Ermənistan Fransanın Cənubi Qafqazda neokolonializm siyasəti yeritməsi üçün bir vasitə olub. Başqa bir ölkənin forpostundan çıxmağa çalışaraq Fransanın təsirinə düşüb. Bütün bunlar Ermənistan üçün yaxşı nəsə vəd etmir. Ermənistan başına gələnlərdən özü üçün böyük dərs çıxarmalıdır. Müharibədən əvvəl də, həmin müddətdə də Ermənistanı dəstəkləyən, silahlandıran ölkələr var idi, amma onu məğlubiyyətdən qurtara bilmədilər. Fransanın müdafiə nazirinin “biz Ermənistanı Azərbaycana qarşı silahlandırırıq" deməsi Ermənistanı açıq şəkildə yeni təxribata çəkməkdir. Şübhəsiz, bizə qarşı real təhlükə yarandığını görsək, o təhlükəni istənilən nöqtədə məhv edəcəyik. 

  Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a açıqlamasında deyib ki, uzun müddətdir Fransa açıq şəkildə Ermənistanı silahlandırır və yeni müharibəyə hazırlayır. Deputatın sözlərinə görə, xüsusilə Paşinyanın Fransaya səfəri, daha sonra Makronun "Ermənistana silah yardımlarını davam etdirəcək" sözü bunu sübuta yetirdi: 
"Fransanın müdafiə nazirinin Ermənistana səfəri zamanı İrəvanda verdiyi hədsiz və sərsəm bəyanatlar qəbuledilməzdir. Çox təəssüflər olsun ki, hələ 44 günlük Vətən müharibəsinin gedişində və ondan sonrakı ilk bir il ərzində də Fransa başqa formada Ermənistanı dəstəkləyirdi. Sanki Ermənistandan çox erməni mövqeyi ortaya qoyurdu. Buradan aydın görünür ki, danışıqlar prosesinin yubanması əsas günahkarı və səbəbkarı Makron hökumətidir. Sülhə yaxın olduğumuz bir zamanda, xüsusilə Azərbaycanın suverenliyini həll etdiyi bir dönəmdə Ermənistanı aktiv şəkildə silahlandırmaq faktiki olaraq Ermənistanı yenidən Azərbaycana qarşı müharibəyə hazırlamaqdır. Digər səbəb Rusiyanı Ermənistandan sıxışdırıb çıxartmaq və boşalan yeri doldurmaqdır". 

  Parlament üzvünün sözlərinə görə, Fransa Ermənistanda möhkəmlənmək, Ermənistanda Rusiyanın yerini doldurmaq və Ermənistanı tam nəzarətinə götürmək istəyir: 
"Bu baxımdan region dövlətləri - Rusiya və İran Ermənistanın təhlükəli addımlarını qətiyyən bağışlamayacaqlar. Fransanın maraqları İran və Rusiyanın strateji maraqlarına ziddir. Prezident bir neçə dəfə bu səpkidə açıqlamalar verib. Açıq vurğulanıb ki, əgər Azərbaycana qarşı təhdidlər və hücum xarakterli silahların təmin edilməsi prosesi kütləvi hal alarsa, bunun cavabı mütləq veriləcək. Fransanın bu bəyanatlardan sonra aktiv şəkildə Ermənistanı silahlandırması regionda yenidən münaqişənin alovlanmasına xidmət etməkdədir. Qərb dairələri, xüsusilə də Azərbaycanın Avropadakı partnyorları, strateji tərəfdaşları Fransanın bu çirkin oyunlarına dur deməlidir. Beynəlxalq ictimaiyyət Fransanı həyata keçirdiyi bu təxribat xarakterli siyasətdən uzaqlaşmağa çağırmalıdır".