Rusiya mətbuatı Ukraynaya silah göndərilməsi ilə bağlı Almaniyanın yüksək rütbəli hərbçiləri arasında keçirilən görüşün səs yazılarını dərc edib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin bu gün verdiyi açıqlamada genişmiqyaslı araşdırmaya başlanıldığı və bütün lazımi addımların atıldığı açıqlanıb.
Hadisədən sonra Almaniya kansleri Olaf Şolz da susqunluğunu pozub. Şolz Romaya səfəri zamanı verdiyi açıqlamada səs yazılarının sızmasının "çox ciddi" bir məsələ olduğunu bildirib. Almaniya kansleri Scholz, "Bu məsələ indi çox diqqətlə, çox intensiv və çox sürətlə aydınlaşdırılır" deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sosial media vasitəsi ilə yaydığı açıqlamada “Almaniyadan açıqlama gözləyirik” qeyd olunub.
Digər tərəfdən, sözügedən görüşün Almaniyanın müdafiə naziri Boris Pistoriusu məlumatlandırmaq məqsədi daşıdığı bildirilir.
"Russia Today" qəzetinin baş redaktoru Marqarita Simonyan cümə günü Almaniya hərbi rəsmiləri ilə Ukrayna arasında "Taurus" qanadlı raketlərinin çatdırılması ilə bağlı görüşün 38 dəqiqəlik audio yazılarını dərc edib.
Səs yazılarında bildirilir ki, görüş iştirakçıları Almaniya kansleri Olaf Şolz razılaşarsa, raketlərin çatdırılması, eləcə də hərbi hədəflərin və Ukrayna əsgərlərinin təlimi ilə bağlı məsələləri müzakirə ediblər.
Səs yazılarında hədəflərdən birinin Rusiyanın ilhaq etdiyi Krımla Rusiya materikini birləşdirən Kerç körpüsü olduğu bildirilir.