Biz daha geniş ərazilərdə "yaşıl enerji" zonalarının yaradılmasını hədəfləyirik
Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan ölkədir və hazırda alternativ enerjiyə uğurlu keçidin nümunəsidir. Müasir Azərbaycanın adının neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir.
Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı oldu. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.
Hökumətin iqlim dəyişmələri ilə mübarizəyə töhfə vermək, yaşıl enerjiyə keçid üzrə işlərin və Azərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsi Bakının dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibi seçilməsi oldu. Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verəcək. 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bunun davamı oldu. Xatırladaq ki, ötən il dekabrın 25-də Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması barədə” Sərəncam imzalayıb. Sənəddə rəqabətqabiliyyətli iqtisadiyyatın dayanıqlı inkişafı, ölkənin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi kimi əsas prioritetlər nəzərdə tutulur.
Bundan əlavə, Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı ölkəmizin bu il COP29 Konfransına ev sahibliyi etməsinin önəmindən də söz açıb.
Prezident bu barədə qərar qəbul olunan kimi ölkəmizin müxtəlif QHT-nin və media təşkilatlarının hücumuna məruz qaldığını xüsusi vurğulayıb: “İqlim dəyişikliyi ilə bağlı bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması bizim iradəmizi nümayiş etdirir. Bizə buna görə hücum olunmamalıdır, biz təqdir edilməliyik. Biz heç bir yanlış iş görməmişik. Lakin qərar qəbul olunan kimi bizə qarşı dərhal əlaqələndirilmiş, konsolidasiya olunmuş və çox ədalətsiz hücum edildi. Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. Lakin mən sizə sadəcə məlumat vermək istəyirəm ki, COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir. Bizim tədbirə ev sahibliyi etmək və bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir”.
Sözügedən tədbirdə Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə "yaşıl enerji" layihələrinin genişləndirilməsi üçün investisiya imkanlarını müzakirə edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. “Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Məhəmməd Al Mazrui ilə görüşdə ölkələrimizin "yaşıl enerji" layihələrinin icrası sahəsində uğurlu tərəfdaşlığını məmnunluqla vurğuladıq, birgə fəaliyyətin genişləndirilməsi üçün investisiya imkanları və COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri barədə danışdıq”.
Qeyd edək ki, 1 mart 2024-cü il tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşüb. Danışıqlarda Küveyt tərəfi ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirib.
Keniya Prezidenti Uillyam Samoei Ruto isə BMT-nin Ətraf Mühit üzrə Assambleyasının 6-cı sessiyasında iştirak üçün bu ölkədə səfərdə olan COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi qəbul edib. COP29-a ev sahibliyi münasibətilə ölkəmizə təbriklərini çatdıran Keniya Prezidenti Azərbaycanın bu nüfuzlu qlobal tədbiri uğurla təşkil edəcəyinə əminliyini bildirib. Keniyanın iqlim dəyişikliyi və yaşıl enerjinin təşviqi sahəsində lider ölkələrdən biri kimi mühüm təcrübəsini vurğulayan dövlət başçısı COP29 prosesində fəal iştirak etməyə və Azərbaycana hər cür dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb. Uillyam Samoei Ruto, həmçinin qitənin digər dövlətlərinin də bu mötəbər tədbirdə fəal iştirakı üçün səy göstərəcəklərini deyib. Səmimi qəbula görə təşəkkürünü ifadə edən nazir Muxtar Babayev Keniya Prezidentinə Azərbaycanın COP29-a ev sahibliyinə hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verib. 2024-cü ildə Keniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinin qeyd olunacağını bildirən nazir bu münasibətlə COP29 çərçivəsində ikitərəfli əməkdaşlığın daha da genişləndiriləcəyini, qarşıdakı dövrdə müxtəlif sahələr üzrə münasibətlərin inkişafına möhkəm zəmin yaranacağını vurğulayıb.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasına töhfə verməsi üçün bərpaolunan enerji potensialı kifayət qədərdir:
“Təsdiqlənmiş proqnozlara görə, ölkəmizin quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir. Dünya Bankının bir qolu olan Beynəlxalq Maliyyə Korporasiyası da Azərbaycanın Xəzər dənizində yüksək bərpaolunan enerji potensialına malik olduğunu təsdiqləyib”.
Ekspertin sözlərinə görə, Azərbaycanın günəşli və küləkli iqlimə malik olması "yaşıl enerji" zonalarının yaradılmasına imkan yaradır: “Azərbaycan Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionlarında "yaşıl enerji" zonalarının yaradılmasını hədəfləyib. Prezident İlham Əliyev 2021-ci il mayın 18-də Ağdamda ictimaiyyət nümayəndələri ilə görüşdə bəyan etdi ki, bütün Qarabağ zonası "yaşıl enerji" zonası olacaq.
E.Cəfərli qeyd edib ki, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub: “Dövlətimiz Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq baza 1990-cı illə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub”.
E.Cəfərli onu da vurğulayıb ki, dünyanın aparıcı "yaşıl enerji" şirkətləri olan xarici investorlarla imzalanan sazişlərə və anlaşma memorandumlarına əsasən, 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək: “Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası, dünən isə CQD Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və YE Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının keçirilməsi Azərbaycanın ənənəvi enerji resurslarının istehlakı və ixracı ilə yanaşı, öz yüksək potensialı hesabına bərpaolunan enerji istehsalı məsələsinə verdiyi önəmin ifadəsi oldu. Yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclası bu sahədə konseptual məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edib. 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Azərbaycanın bu sahədə potensialının realizə olunmasını və dünyanın enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsini şərtləndirir”.