Mərkəz direktoru: İslamofobiya ilə mübarizə üçün bütün dinlərin nümayəndələri birləşməlidir

İslamofobiya həyatın bütün aspektlərini əhatə edən bir məsələdir və onun həlli üçün təkcə müsəlmanlar deyil, digər dinlərin nümayəndələri də birləşməlidir.

Bu barədə “Report”a açıqlamasında Amerika Dini Etiqad Azadlığı Mərkəzinin baş direktoru Cenna Skot (Jannah Scot) bildirib.

“Müsəlmanların dəhşətli ayrı-seçkiliyə məruz qalmasına artıq səssiz qala bilmərik. Afroamerikalı qadın kimi mən bunun şahidi olmuşam. Bütün dünyada afroamerikalılara münasibətdə ayrı-seçkiliyə qarşı çıxan insanlar var idi. İndi növbə bizdədir. Dinimizdən, xristian və ya müsəlmanlığımızdan asılı olmayaraq, müsəlman bacı-qardaşlarımızın yanında olmaq və bunun qəbuledilməzliyini söyləmək lazımdır”, - o bildirib.

Baş direktorun sözlərinə görə, bu gün Bakıda keçirilən beynəlxalq konfrans problemlərin sənədləşdirilməsinə başlamağımız üçün ilk vacib addımdır: “Biz müxtəlif ölkələrdə müsəlmanların başına gələn hadisələri eşidirik. Bu məlumatlar sənədləşdirildikdən sonra bu istiqamətdə həll yollarının tapılması üçün birgə fəaliyyətə başlamaq olar. İnanıram ki, konfransın nəticəsi məhz bu olacaq”.

C.Skot islamofobiya ilə mübarizə məsələlərinin müzakirəsi üçün platforma yaratdıqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, eləcə də konfransın digər təşkilatçılarına təşəkkürünü bildirib.