Bir çox ölkə böyük maliyyə imkanlarına malik olan Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi əlaqələri genişləndirməyə və bu ölkə ilə ortaq layihələr reallaşdırmağa çalışır. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə son səfəri zamanı iki ölkə arasında ticarət mübadiləsini artırmaq məqsədilə müzakirələr aparmışdı. Birləşmiş Ərəb Əmirliklərinin Türkiyəyə yatırımları artıb.
Sherg.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib.
Təhlildə qeyd edilib ki, BƏƏ ilə iqtisadi və ticarət əməkdaşlığını genişləndirmək istəyən dövlətlər arasında Hindistan da var:
“Hindistanın Baş naziri Narendra Modi Dubaya səfəri zamanı ölkəsi ilə BƏƏ arasında yeni ticarət dəhliziylə bağlı niyyət protokolu imzalayıb. Bu, hakimiyyətə gəldiyi 2014-cü ildən bu yana Narendra Modinin BƏƏ-yə yeddinci səfəri idi. Yeni nəqliyyat dəhlizinə Brüssel və Vaşinqton da dəstək verib. Nəqliyyat dəhlizi Hindistanı, Birləşmiş Ərəb Əmirliklərini, Səudiyyə Ərəbistanını, İsraili və Avropanı əhatə etməlidir. Bu layihə barədə ilk dəfə “Böyük İyirmili”yin 2023-cü ilin sentyabrında Dehlidə keçirilən sammitində məlumat verilmişdi. Layihənin reallaşmasına Yaxın Şərqdə başlayan müharibə mane oldu. Vaşinqtonun İsraillə ərəb ölkələri arasında iqtisadi əlaqələri formalaşması istəyi arzu olaraq qalıb.
Buna baxmayaraq, layihənin gələcəkdə reallaşmasına inam var. Layihənin əsas iştirakçıları müharibənin bitməsini gözləyirlər. Buna qədər müxtəlif görüşlər həyata keçirilir. Narendra Modinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bu siyasətin tərkib hissəsidir. Birləşmiş Ərəb Əmirlikləri Hindistandan başlaması planlaşdırılan nəqliyyat dəhlizinə ümidlə baxır. BƏƏ 2020-ci ildə İsraillə diplomatik münasibətlər qurub. Bu amilin özü də layihənin reallaşacağına ümidləri artırıb. “Röyters” agentliyində yayımlanan məqalədə yeni nəqliyyat dəhlizinin Çinin “Bir kəmər, bir yol” dəhlizinə alternativ olduğu yazılıb. Buna baxmayaraq, dövlətlər hər iki layihənin imkanlarından istifadə edə bilərlər”.
Analizdə xatırladılıb ki, Narendra Modi Dubaya səfəri zamanı BƏƏ ilə qarşılıqlı investisiyalar barədə də saziş imzalayıb. İki ölkə rəqəmsal infrastrukturun yaradılmasıyla bağlı razılığa gəlib:
“BƏƏ-də çox sayda hindli işçinin çalışması münasibətlərdə müsbət amillərdən biri sayılır. 9 milyon əhalisi olan BƏƏ-də hindlilərin sayı 3.5 milyon nəfərdir. Hindistan BƏƏ neftinin əsas alıcılarındandır. Dehli bu ölkədən sıxılmış qaz almağı da planlaşdırır. Ümumilikdə iki ölkə arasında ticarət mübadiləsinin həcmi 100 milyard dollar civarında hədəflənib”.