Tokayev: “Orta Dəhlizin rolu bu gün sürətlə artıb”

“Orta Dəhliz kimi də adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun transkontinental ticarətin təşviqində və inkişafında rolu bu gün sürətlə artıb”.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən öncə APA-ya yazılı müsahibəsində bu fikri bildirib.
Prezident qeyd edib ki, yeni geosiyasi reallıqlar kontekstində transkontinental ticarətin təşviqində və inkişafında ölkələrimizin rolu sürətlə artır:

“Hətta xəritəyə ötəri nəzər salmaq belə Mərkəzi Asiya və Cənubi Qafqazın unikal coğrafi mövqeyindən xəbər verir. Bu səbəbdən Qazaxıstan da Azərbaycan kimi ölkənin logistika və nəqliyyat potensialının gücləndirilməsi istiqamətində aktiv siyasət yürüdür. Bunun bizim qarşımızda dayanan strateji əhəmiyyətli vəzifə olmasını gizlətmirəm. 2030-cu ilə qədər 11 min km dəmir yolu xətti təmir etmək və 5 min km-dən çox yeni dəmir yolu çəkmək niyyətindəyik. Bu, ölkənin nəqliyyat imkanlarını xeyli artıracaq. Orta Dəhliz kimi də adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun transkontinental ticarətin təşviqində və inkişafında rolu bu gün sürətlə artıb. Bunu həmin marşrut üzrə yükdaşımaların həcminin 2022-ci ildə iki dəfə artaraq 1,7 milyon ton, 2023-cü ildə isə əlavə 65 faiz artaraq 2,7 milyon tona çatması sübuta yetirir. Gələcəkdə bu həcmin ildə 10 milyon tona çatacağını gözləyirik. Bunun üçün həm tələbat, həm də texnoloji imkanlar mövcuddur. Bu səbəbdən Astana ilə Bakı bu sahədə kompleks addımlar atır. Bunun bariz nümunəsi 2022-ci ilin sonlarında Aktauda imzalanan Azərbaycan, Qazaxıstan, Türkiyə ərazilərində “Orta Dəhliz”in inkişafı üzrə 2022−2027-ci illəri əhatə edən Yol Xəritəsidir. Xəzər sahillərindəki dəniz limanlarımızın genişmiqyaslı müasirləşdirilməsinə xüsusi diqqət yetiriləcək. Bundan əlavə, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmiryolçuları tərəfindən yükdaşımaların həcmini artırmaq üçün “bir pəncərə” formatında xidmət göstərəcək “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsi yaradılıb. Marşrut boyunca ən son rəqəmsal texnologiyalardan istifadə olunacaq. Bunun üçün biz kəsintisiz rəqəmsal dəhliz hazırlamış transmilli PSA Sinqapur şirkətini cəlb etdik. Biz dəmir yolu nəqliyyatı sahəsində innovativ həllərin tətbiqi üçün “Huawei”, “Wabtec”, “Alstom” kimi qlobal şirkətlərlə fəal əməkdaşlıq edirik. Onlar bu sahəni daha rəqabətli və səmərəli edəcəklər. Marşrutun gələcək inkişafı və onun digər nəqliyyat dəhlizləri ilə əlaqəsi də perspektivli hesab olunur ki, bu da Cənubi Qafqazla Türkiyənin Qazaxıstan, Mərkəzi Asiya ölkələri, Avrasiya İqtisadi Birliyi (AİB) və Çinlə daha geniş transregional inteqrasiyası üçün əlavə imkanlar təmin edəcək. Ümumiyyətlə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu böyük potensiala malikdir və təbii ki, bu mühüm layihənin həyata keçirilməsində Qazaxıstanla Azərbaycanın rolu olduqca böyükdür. Bu arteriyanın inkişafı ticarət dinamikasının genişlənməsinə töhfə verməklə yanaşı, Şərqlə Qərb arasında əlaqələndirici körpü kimi ölkələrimizin mövqeyini möhkəmləndirəcək”.