Hindistan və Ermənistan arasında “silah yolu” yalnız İran üzərindən reallaşdırıla bilər -RƏY

Sülhü əngəlləyən güclər artır


2020-ci ildə Azərbaycan ordusu Ermənistan üzərində qələbə qazandıqdan sonra beynəlxalq və regional mediada vaxtaşırı Ermənistanla Hindistan arasında silah ticarətinə dair xəbərlər yayılır.
Hətta bir neçə dəfə milyon dollarlar dəyərində silah-sursatın çatdırılması qeyd edilib. Bu silahların içində Hindistan ordusunda xidmətdə olan “Pinaka” çoxlüləli reaktiv yaylım atəşi sistemləri də vardı.
Görünür, Azərbaycanla Pakistan dost, müttəfiq olduğu üçün Hindistan da özünə borc bilir ki, düşməninin düşməni ilə dost olsun.

İndi isə iki ölkə arasında strateji hava yolunun açılması gündəmdədir.
 Bu, Ermənistanın silahla təmin edilməsi, hərbi gücünün artırılması məqsədini daşıyır və dolayısı ilə Qafqazda uzun zamandan bəri arzulanan sülh üçün zərbə deməkdir. Çünki Ermənistan hərbi baxımdan nə qədər zəifdirsə, bir o qədər “sülhpərvər” olur, arsenalında silahı çox görəndə isə tamahı və iştahı artır, özü barədə yüksək fikirlərə düşür, qəhrəmanlıq dastanları yazmaq qərarına gəlir və regionda vəziyyəti gərginləşdirir.

Politoloq Azər Rəşidoğlu isə "Sherg.az" a açıqlamasında deyib ki, Ermənistanın silahla təmin edilməsi, hərbi gücünün artırılması məqsədini daşıyır və dolayısı ilə Qafqazda uzun zamandan bəri arzulanan sülhün əngəllənməsi anlamına gəlir: 
 Hindistan strateji əhəmiyyət daşıyan ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizi yaradır. Ən əsas məqam odur ki, Hindistan və Ermənistan arasında “silah yolu” yalnız İran üzərindən reallaşdırıla bilər. Təbii ki, Azərbaycan heç vaxt öz hava məkanından bu məqsədlər üçün istifadə olunmasına imkan verməyəcək. İran da bu planın gerçəkləşməsinə imkan verə bilməz.  Bu,  ilk növbədə elə İranın özünə qarşıdır.
Məsələ ondadır ki, Ermənistan artıq Avropa İttifaqına, NATO-ya meyllənir. Perspektivdə bu yolla Fransa lisenziyası ilə Hindistanda istehsal olunan silahların Ermənistana daşınması nəzərdə tutulur.  Ermənistanda Aİ missiyasının fəaliyyət göstərdiyi, Ermənistanın Rusiya ilə hərbi əməkdaşlıqdan tədricən kənarlaşdığı, bu ölkədə Rusiya hərbi kontingentinin fəaliyyət çərçivəsinin getdikcə daraldığı və qarşıdan gələn dövrdə son qoyulmasının planlaşdırıldığı, həmçinin strateji məqsədin Ermənistanda Rusiyaya qarşı yeni cəbhə yaradılması olduğu nəzərə alınaraq, Ermənistanın tamamilə Qərbin nəzarətinə keçməsi prosesinin yürüdüldüyü aydınlaşır. İran Hindistanla Ermənistan arasında strateji hava yoluna şərait yaratmaqla bu planın gerçəkləşməsinə töhfə vermiş olur ki, bunun da nəticədə İranın özü üçün hansı problemlər yaradacağı aydındır".

Politoloq hesab edir ki, İranla yarım əsrlik münaqişə münasibətində olan ABŞ və Avropa lazım bildikləri vaxt Ermənistandan İrana qarşı istifadə edə bilərlər:
 "Bu silahlanmada İranın qazancı olmayacaq, əksinə, nə vaxtsa, çox da uzaq olmayan perspektivdə bunun ziyanını çəkəcək. Çünki Ermənistanın tamamilə Qərbin nəzarətinə keçməsi prosesi gedir, İran Hindistanla Ermənistan arasında strateji hava yoluna şərait yaratmaqla bu planın gerçəkləşməsinə töhfə verir və bu, Qafqazda sülhün bərqərarına zidd olmaqla yanaşı, İranın özünə də problemlər yarana bilər".