Dünya gücləri sülh müqaviləsini ləngidir -Analitik

Bu isə onu göstərir ki, Ermənistan və Azərbaycan arasında münasibətlər gərgin olaraq qalacaq

“Rusiya, Fransa və ABŞ Cənubi Qafqaz regionunda söz sahibi olmaq üçün yenidən gərginlik ocağı yaratmaq istəyir, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına imkan vermirlər”
 


  Ukraynadakı müharibə Rusiyanın Cənubi Qafqazda regional təhlükəsizlik arbitri rolunu zəiflədib, buna görə Moskva Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatın (bir günlük antiterror tədbirləri nəzərdə tutulur – red.) qarşısını almaq üçün resurs və siyasi kapitalını istifadə etmək istəməyib.
Bu fikirlər ABŞ kəşfiyyatının builki hesabatında əks olunub.
Hesabatda Azərbaycanın ötən il həyata keçirdiyi birgünlük antitterror tədbiri, Ermənistan və Azərbaycan arasında sülh perspektivləri və toqquşma ehtimalı ilə bağlı qiymətləndirmələr də yer alıb. ABŞ kəşfiyyatının hesabatında qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında münasibətlər çox güman ki, gərgin olaraq qalacaq: “Azərbaycanın Qarabağı geri alması qeyri-sabitliyi azaldıb və hərbi qarşıdurma müddəti və intensivliyi məhdudlaşacaq. Buna baxmayaraq, sülh müqaviləsinin bağlanmaması, hərbi qüvvələrin bir-birinə yaxınlığı, atəşkəs rejiminə əməl etmə mexanizminin olmaması, Azərbaycanın Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazır olması vəziyyəti davam edəcək”.
Bildirilir ki, antiterror əməliyyatları nəticəsində Qarabağdakı qondarma qurumun sıradan çıxarılması Bakıya regionun Azərbaycanla inteqrasiyası planlarını irəli sürməyə imkan verib.

  Siyasi şərhçi Asəf Quliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan Qarabağı geri almaqla  Qafqazdakı ən ciddi münaqişə ocaqlarından birini  tamamilə  aradan götürmüş oldu: 

“Bu həm Azərbaycan-Ermənistan arasındakı münasibətlərin gələcək taleyinə təsir edəcək, həm də separatçı qüvvələrin məhv edilməsi bütün dünyaya nümunə olacaq bir amildir. Rəsmi Bakının elan etdiyi reinteqrasiya məsələsi  alınmadı, bu mümkün olsaydı, antiterror əməliyyatlarının nəticəsini daha da müsbət dəyərləndirmək olardı.  Lakin reinteqrasiyanı istəməyən ermənilər oldu. Ermənilər müxtəlif dövlətlərin təsirinə məruz qaldığı üçün sülh müqaviləsini ləngidir. Bu isə onu göstərir ki, Ermənistan və Azərbaycan arasında münasibətlər gərgin olaraq qalacaq. Dünya praktikasında işlənmiş bir mexanizmdir ki,  güc mərkəzi olan dövlətlər hansısa bir regiona nəzarət etmək, orada öz mövcudluğunu  qorumaq istəyirsə, həmin regionda daimi gərginlik  yaşanmasında maraqlı olur. Rusiya, Fransa və ABŞ Cənubi Qafqaz regionunda söz sahibi  olmaq üçün bölgəmizdə yenidən gərginlik ocağı yaratmaq  istəyir, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına imkan  vermirlər”.