“Şəhərlər, kəndlər bərpa olunarkən yerli sakinlərin rəyi nəzərə alınmalıdır. Çünki o evlərdə onları layihələndirən memar, tikən inşaat şirkətinin əməkdaşları yaşamayacaq”
İşğaldan azad edilmiş ərazilərin yerli əhalisinin böyük əksəriyyəti doğma yurda qayıdacaq. "Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi çərçivəsində həyata keçirilən sorğunun nəticəsi bunu deməyə əsas verir. Layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Diplomatiya Akademiyası İnkişaf və Diplomatiya İnstitutu və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu tərəfindən reallaşdırılıb. Layihənin təqdimat mərasimində koordinator Rəsmiyyə Abdullayeva bildirib ki, sorğu zamanı keçmiş məcburi köçkünlərin qayıdışla bağlı arzu və təklifləri öyrənilib, onların doğma yurda dönüş barədə qərarlarına təsir edən amillər müəyyənləşdirilib, ilkin proqnozlar hazırlanıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində dayanıqlı məskunlaşma və iqtisadi dirçəliş üçün bütün zəruri şəraitin yaradılmasını nəzərdə tutur. Hazırda Dövlət Proqramının Tədbirlər Planı üzrə intensiv iş aparılır, qayıdış prosesi uğurla davam etdirilir. Layihə çərçivəsində “fokus-qrup” sorğular tədqiqatın əsas metodu kimi seçilib. Sorğulara Şuşa, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Füzulidən olan 170 respondent cəlb olunub. Sorğu zamanı keçmiş məcburi köçkünlərin 95 faizinin öz doğma yurd-yuvasına qayıtmaq niyyətində olduğu bir daha təsdiqlənib. Dövlət Komitəsinin məsul əməkdaşlarının iştirakı ilə keçirilən təqdimatda tədqiqatın nəticələri geniş müzakirə edilib, rəy və təkliflər bildirilib. Tədqiqata dair yekun hesabatda bunların nəzərə alınacağı bildirilib.
Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan jurnalist, “Yeni sabah.az” saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə “Sherg.az"a açıqlamasında sorğunun nəticələrinin reallığı əks etdirdiyini söylədi:
- Hətta deyərdim ki, həlledici məqamda bu rəqəm daha yüksək olacaq. Keçmiş məcburi köçkünlərin 95 deyil, 100 faizi doğma yurdlarına qayıdacaq. Cəbrayıla qayıdışla bağlı keçirilən sosioloji sorğularda şəxsən 2 dəfə iştirak etmişəm. Hər ikisində də ailə üzvlərimlə birlikdə doğma yurda qayıtmağa hazır olduğumuzu bildirmişik. Ötən ilin payızında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə doğma yurdum Soltanlı kəndində yenidənqurma, bərpa işlərinə başlanmasının təməlinin qoyulmasında iştirak etmişəm. İlkin mərhələdə 315 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur. 500-dən çox ailə doğma kəndə qayıtmaq üçün müraciət edib. Bilirsiz ki, qayıdış mərhələli şəkildə həyata keçirilir. İnsanların əksəriyyəti də məhz ilkin mərhələdə qayıtmaq istəyir. Jurnalist olduğumu bilirlər deyə, mənə müraciət edirlər ki, icra başçısından, rayonun deputatından xahiş edim, onları ilkin mərhələdə köçürsünlər. İnsanlar doğma yurda qayıtmağa can atır. İndiyədək 50-100 ailə köçürülüb. Köçürülmə hissə-hissə davam edir. 1 il, il yarıma kəndin tamamı köçəcək. İşğaldan azad edilmiş bütün ərazilərə qayıdış yüksək səviyyədə həyata keçirilir. Hesab edirəm ki, insanların dədə-baba torpaqlarına qayıdıb quruculuq işlərində iştirakına şərait yaradılmalıdır. Yenidənqurma, bərpa, abadlıq işlərində yerli əhalinin fiziki, zehni, intellektual imkanlarından istifadə olunmalıdır. Dəfələrlə demişəm, bir daha təkrarlayıram, mənə doğma yurdumda iş təklif edilsə, günü sabah köçərəm, quruculuqda iştirak edərəm.
S.Verdizadə qeyd etdi ki, qayıdış proqramının icrasında ilk növbədə yerli əhalinin məşğulluq məsələsi diqqətdə saxlanmalı və həll edilməlidir:
- Eyni zamanda şəhərlər, kəndlər bəpra olunarkən yerli sakinlərin rəyi nəzərə alınmalıdır. Çünki o evlərdə onları layihələndirən memar, tikən inşaat şirkətinin əməkdaşları yaşamayacaq, doğma yurda qayıdan insanlar yaşayacaq. Yerli sakinlər coğrafiyaya bələddir, harada nə vardı, necə idi, bilirlər. Hər bölgənin, hər kəndin özünəməxsus tikinti qaydası, modeli olub. Bütün şəhərləri, kəndləri bir-birinə oxşatmaq, eyniləşdirmək yeknəsəklik yaradar. Hər regionun, şəhərin, kəndin spesifik xüsusiyyəti mümkün qədər qorunmalıdır. Əsas problemlərdən biri də məşğulluqdur. Yerli əhalinin məşğulluğu təmin edilməlidir ki, gənc ailələr sıxıntı çəkməsin, doğma torpağa bağlansınlar.