Əvvəlcə ortaq əlifba məsələsi həll olunmalıdır -Şərh

Sonra Beynəlxalq Türk dili Günündən danışa bilərik

“Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın, qardaş olan 2 dövlət yer üzündə tapılmaz. Amma heç bu 2 dövlətin ortaq əlifbası yoxdur. İllərdir bu barədə danışılır, deyilir, ortada bir nəticə yoxdur”

  UNESCO Türkiyə Milli Komissiyasının rəhbəri Öcal Oğuz Beynəlxalq Türk Dili Gününün yaradılmasını təklif edib. Bu barədə Öcal Oğuz ADA Universitetində keçirilən "UNESCO perspektivindən Türk dünyasının tarixi və mədəni irsinin araşdırılması və qorunması" adlı konfransda çıxışında deyib. O, konfransa ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edib. Öcal Oğuz çıxışında rəhbərlik etdiyi komissiya ilə Türk dövlətləri arasında əməkdaşlıq perspektivləri barədə danışıb. O, çıxışında Beynəlxalq Türk Dili Gününün yaradılmasının vacibliyini vurğulayıb və deyib ki, belə bir vahid dil ölkələri daha da yaxınlaşdıracaq: "Bu gün Beynəlxalq Fransız Dili Günü, Ərəb Dili Günü qeyd olunur. Biz də Beynəlxalq Türk Dili Gününün qeyd olunması üçün işləməliyik". O deyib ki, UNESCO Türkiyə Milli Komissiyası bu təşəbbüs üzərində işləyir.
  
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, belə təşəbbüslər  alqışlanmalıdır: 
- Türk xalqlarının, türk kimliyinin ortaqlaşması təqdir edilməlidir. Vacibdir, lazımdır. Amma ona qədər görəcəymiz çox işlər var. Möhtərəm şəxs fransız dili, ərəb dili, ispan dili günlərinin olduğunu deyib. Bəli, elədir, var belə günlər. Eyni hal portuqallar, almanlar, ingilislər üçün də keçərlidir. Birgə tədbirlər keçirilir, dillərin inkişaf perspektivləri müzakirə edilir və sair. Lakin onların hamısının biz – türk dövlətləri üçün əlçatan olmayan  üstünlükləri var. Nədir bu üstünlük? Eyni  əlifbalarının olması.  Dünyadakı bütün ərəb dövlətlərinin əlifbası eynidir. İngilislərin, portuqalların, almanların, ispanların da həmçinin. Dünyanın hansı səmtində, hansı materikdə yaşamalarından asılı olmayaraq onlar eyni əlifbadan istifadə edir. Bir ingilis istər ABŞ-də yaşasın, istərsə də Böyük Britaniyada, eyni ingilis əlifbasından istifadə edir, eləcə də adını çəkdiyim digər xalqlar. İndi gəlin özümüzə  baxaq. Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın, qardaş olan 2 dövlət yer üzündə tapılmaz. Amma heç bu 2 dövlətin ortaq əlifbası yoxdur. İllərdir bu barədə danışılır, deyilir, ortada bir nəticə yoxdur. Orta Asiya türk dövlətləri latın əlifbasına hələ tam keçməyib. Türkmənistanda latın əlifbasıdır, amma müəyyən fərqliliklərlə. Özbəkistan latın əlifbasına keçidi heç cür bitirə bilmir. Qırğızlar kiril əlifbasından dördəlli yapışıblar. 7 müstəqil türk dövləti hələ də ortaq əlifba məsələsini həll edə bilmir. Ortaq ünsiyyət dilimiz də formalaşmayıb. Əvvəlcə bu problem həll edilməlidir, sonra Beynəlxalq Türk Dili Günündən danışa bilərik. Yoxsa hə, təsis olundu Beynəlxalq Türk Dili Günü. Bu beynəlxalq günə hər türk dövləti fərqli-fərqli əlifbalarla təşrif buyuracaqsa, birini dediyini o biri alayarımçıq  anlamayacaqsa,  bunun harası “Beynəlxalq Türk Dili Günü” oldu? 
 
 A.Həsrət qeyd etdi ki, bəzi ölkələrə latın əlifbasına keçiddə kömək göstərilməlidir:
 - Bildiyimiz qədər qırğızlar latın əlifbasına keçidin ləngiməsini maliyyə çətinliyi ilə izah edirlər. Bəli, bu, elə də asan və ucuz başa gələn proses deyil. Qırğızıstanı bu mənada anlamaq lazımdır. Odur ki, maliyyə imkanları daha geniş olan ölkələr onlara bu işdə yardım etməlidirlər. Yəni əvvəlcə alt yapı hazırlanmalıdır. Bu problemləri həll edək, sonra  biz də ispanlar, ərəblər, ingilislər kimi, üzü ağ bir şəkildə Beynəlxalq Türk Dili Günüylə bağlı BMT-yə müraciət edək, təsis edək bu günü və qeyd edək.